“Vyetnam Günləri” ADNSU-da rəsmi mərasimlə açıldı

İyulun 26-da “Azərbaycan–Vyetnam Günləri” çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnam nümayəndə heyətinin iştirakı ilə rəsmi görüş təşkil olunub. SİA xəbər verir ki, tədbir Ho Şi Min otağının ziyarəti və simvolik açılışı ilə başlayıb. Bu otaq, Vyetnamın ümummilli lideri Ho Şi Minin 1959-cu ildə Bakıya etdiyi səfəri və ümumilikdə Azərbaycan–Vyetnam arasında illərdir davam edən diplomatik, təhsil və mədəni əlaqələrin rəmzi kimi yaradılıb. Ziyarət zamanı nümayəndə heyəti otağın tarixi və simvolik əhəmiyyəti ilə tanış olub, media nümayəndələri üçün görüntülər təqdim edilib. Daha sonra ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla Vyetnam nümayəndə heyətinin rəsmi görüşü keçirilib. Görüşdə Vyetnamdan olan nümayəndələr – Vyetnam Energetika İnstitutunun (VINEN) rektoru xanım Trinh Thi Thu Ha, VINEN-in Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri xanım Luu Thanh Hieu (Jelly), Hanoe Ticarət və Turizm Kollecinin nümayəndələri və Vyetnam Kulinariya Assosiasiyası, Hanoi UNESCO Səyahət Klubunu təmsil edən cənab Nguyen Xuan Quynh iştirak ediblər. Tərəflər “Azərbaycan–Vyetnam: Təhsil, Mədəniyyət və Davamlı İnkişaf sahəsində əməkdaşlıq” mövzusunda müzakirələr aparıblar.

Görüşdə iki ölkə arasında tarixi təhsil əlaqələri, mədəni əməkdaşlıq və elmi tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığa dair planlar müzakirə olunub. Tərəflər arasında simvolik hədiyyələr təqdim edilib. Sonda Ümummilli lider Heydər Əliyevin büstünün qarşısında xatirə şəkli çəkilib. Qeyd edək ki, bu günə qədər müxtəlif dövrlərdə ADNSU-da təhsil almış və məzun olmuş Vyetnam vətəndaşlarının ümumi sayı təxminən 2420 nəfərə yaxındır. Onların əksəriyyəti texniki ixtisaslar üzrə ali təhsil alaraq, Azərbaycan–Vyetnam arasında təhsil və dostluq münasibətlərinin möhkəmlənməsinə əhəmiyyətli töhfələr veriblər.

ADNSU-nun bu cür beynəlxalq təşəbbüslərdə iştirakı universitetin qlobal əlaqələrinin genişlənməsi və strateji tərəfdaşlıqların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə