“Süni intellekt qaçınılmaz olacaq“ - EKSPERT FİKİR BİLDİRDİ

“Süni intellekt olmadan gələcək təsəvvür etmək mümkün deyil. Süni intellekt, bütövlükdə yeni texnologiyalar daha da inkişaf edərək təhsilin bir hissəsini təşkil edəcək və təhsil prosesində ciddi rol oynayacaq. Süni intellektin düzgün idarə olunması təhsillə bağlı yaxşı perspektivlər vəd edə bilər. Bu istiqamətdə Azərbaycanda da müəyyən işlər görülür. Elm və Təhsil Nazirliyi “Microsoft” şirkəti ilə bu istiqamətdə əməkdaşlığa böyük önəm verir və artıq danışıqlar gedir. Əminəm ki, biz bütövlükdə yeni texnologiyalar olmadan gələcəyin heç bir sahəsini təsəvvür edə bilmərik. Bu səbəbdən də proseslərin içərisində və ona hazır olmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov deyib.

O bildirib ki, yeni imkanlardan düzgün istifadə etmək təhsilin inkişafına da müsbət töhfə verə bilər: “Yeni texnologiyalar bu gün düzgün istifadə olunduqda əlavə bilik və bacarıqlar deməkdir. Buna görə də ilk növbədə təhsil ictimaiyyətini bu istiqamətdəki bacarıq və imkanlarını artırmalıyıq. Gənc nəslin yeni çağırışlara açıq olması və bu çağırışlara doğru formada yönləndirilmələrini təmin etməliyik. Süni intellektin hər bir fənn üzrə tətbiqi zəruri və qaçınılmaz olacaq. Hesab edirəm ki, yeni texnologiyalar dalğasına mütləq şəkildə hazır olmalıyıq. Burada ali təhsilin üzərinə də çox böyük vəzifələr düşür. Çünki süni intellekt sahəsində kadr hazırlığını təmin edə biləcək qurumlar, ali təhsil müəssisələri bu funksiyanı yerinə yetirməli olacaqlar. Bu səbəbdən də həm müəllim hazırlayan ali təhsil müəssisələrimizin proqramlarda süni intellektlə bağlı vərdişləri formalaşdırmalıyıq, həm də süni intellekt təhsilin daha aşağı pillələrində ilkin biliklərlə yanaşı, peşəkar vərdişlərin formalaşmasına da təkan verməliyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə