"Şagirdlərin qiymətləndirilməsi məsələsində obyektiv qiymətləndirmə vacibdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.
O bildirib ki, əgər şagird yüksək qiymətə layiq deyilsə, biz ona yüksək qiymət verməməliyik: "Yaxud da, şagirdin həqiqi biliyi yüksək qiymətə layiqdirsə, ona aşağı qiymət də verməməliyik. Şagirdin həqiqi biliyi üzərindən obyektiv qiymətləndirməyə daha çox üstünlük verməliyik. Obyektiv qiymətləndirmə olduğu zaman şagird də real qiymətini bilir, ona görə də təhsilə qarşı davranışlarını, ümumi hazırlığını bununla tənzimləyir. Yoxsa, aşağı nəticə göstərən şagirdə yuxarı qiymət versək, o, heç zaman dərs oxumayacaq, dərsə qarşı biganə yanaşacaq. Əksinə, yaxşı oxuyan şagirdə aşağı qiymət verəriksə, bu zaman həmin şagirdin yenə də dərsə qarşı marağı itəcək, onun təhsil, tərbiyəsində müəyyən fəsadlar müşahidə edəcəyik.
Onun üçün də təhsil qiymətləndirilməsi, şagirdin ümumi bilik və bacarıqlarının qiymətləndirilməsi zamanı çalışıb, əsasən, obyektiv qiymətləndirməyə üstünlük verməliyik. Burada şişirdilmiş, mübaliğəli qiymət olmamalıdır, həqiqi biliyi əks etdirən qiymətləndirmə öz əksini tapmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə