"Biz hələ təhsilin "kitab oxu, cavab ver" mərhələsindəyik" - MÜNASİBƏT BİLDİRİLDİ
"Bu gün bizim təhsildə hər şeydən əlavə təhsilin özünə münasibət, özünə yanaşma dəyişməlidir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.
O bildirib ki, biz çox problemlərdən danışırıq: "Təhsilin bir nömrəli problemi odur ki, təhsilin missiyasına, fəlsəfəsinə, funksiyasına münasibət dəyişməlidir. Heç kim bunu demir. Təhsilin ən böyük problemi təhsilə başqa yanaşma ilə, başqa konseptual düşüncə ilə baxa bilməməyimizdir. Sanki olmayacaqmış kimi abu-hava var. Amma elə deyil.
Dünya ölkələrinin hansında ki, təhsil inkişaf edib, Finlandiya, Danimarka, İsveçdə, Yaponiya, Sinqapur, Cənubi Koreya, Çində təhsilin inkişafı təhsilə fərqli yanaşmadan, təhsilə olan tələbələrin həyati bacarıqlar üzərində dəyişməsindən sonra başlayır. Biz hələ təhsilin "kitab oxu, cavab ver" mərhələsindəyik. Ən böyük problemimiz budur".
"Təhsil bu gün qiymətləndirmədən xilas olmalıdır. Tam xilas olması mümkün deyil. Dünya ölkələrinin bir çoxunda qiymətləndirmə var. Amma qiymətləndirmənin forması dəyişməlidir. Bu cür dəyərləndirmə sistemi olan təhsilimizdən irəliləyiş gözləyə bilmərik. Təhsilimizdə sürətli inkişafı, onunla paralel olaraq şagirdlərimizdə fərqli baxış görmək istəyiriksə, onları cari qiymətləndirmədən xilas etməliyik. Uşaq evə gedəndə valideyn ondan soruşur ki, "bu gün neçə qiymət aldın?" Mən artıq bu cümləni eşitmək istəmirəm. Bu günkü Azərbaycan şagirdi evə gedəndə anasından "neçə qiymət aldın?" sualını eşitməməlidir. Anasından"nəyi necə müzakirə etdiniz?" sualını eşitməlidir. "Niyə, necə müzakirə etdiniz?" sualı şagirdin birbaşa inkişafına işləyəcək. Təhsil əslində budur. Təhsil hər hansı şeiri əzbərdən danışıb qiymət almaq deyil. Təhsil düşünmək sənətidir. Biz hələ ki, bu mərhələyə keçmirik. Çox təəssüf olsun" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə