BDU-da yeni tədris ili başlayıb

Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ili başlayıb. BDU-dan SİA-ya bildirilib ki, ilk dərslər qalib Azərbaycana və universitetin 105 illiyinə həsr olunub.

2024/2025-ci tədris ilində BDU-da 76 ixtisas, 271 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Hazırda BDU-da bakalavriat səviyyəsi üzrə 22 min 279 tələbə təhsil alır. Onlardan 7176-sı kişi, 15 min 103-ü qadındır. Tələbələrdən 12 min 316-sı humanitar, 9963-ü təbiət elmləri üzrə ixtisaslarda təhsil alır. BDU-nun bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin 15 min 705-i dövlət sifarişi əsasında, 6574 nəfəri ödənişli əsaslarla oxuyur.

Yeni tədris ilində BDU-nun bakalavriat səviyyəsinə 5429 nəfər qəbul olub. Onlardan 4014 nəfəri dövlət sifarişli, 1415 nəfər ödənişli əsaslarla təhsil alacaq. Qəbul olanların 537 nəfəri 600-dən, 1098 nəfəri 500-dən yuxarı bal toplayıb.

2024/2025-ci tədris ilində BDU-nun magistraturasında 2256 tələbə təhsil alır. Onlardan 772-si kişi, 1484-ü qadındır. BDU magistrantlarının 664 nəfəri dövlət sifarişi əsasında, 1592 nəfəri ödənişli əsaslarla təhsil alır.

2024/2025-ci tədris ili üzrə BDU-nun bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar açılıb.

Bakalavriat səviyyəsində ekologiya mühəndisliyi ixtisası üzrə Ekologiya və torpaqşünaslıq fakültəsində ilk dəfə olaraq kadr hazırlığına başlanılacaq.

Magistratura səviyyəsində “Korreksiyaedici təlimin metodika və metodologiyası” ixtisaslaşması Sosial elmlər və psixologiya fakültəsində, “Ərzaq məhsullarının ekspertizası və marketinqi” ixtisaslaşması Kimya fakültəsində, “Şəhər kadastrı” ixtisaslaşması Ekologiya və torpaqşünaslıq, “Akvabitkilər” ixtisaslaşması Biologiya, “Mədəniyyət hüququ” ixtisaslaşması isə Hüquq fakültələrində tədris ediləcək.

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 1739 tələbə, “Gənc istedadlar” liseyində 635 şagird təhsil alır.

Bütün xəbərlər Facebook səhifəmizdə