"Bilik Günü"ndə valideynlər və müəllimlər təəssüratlarını SİA ilə bölüşdü - SORĞU
Bu gün Azərbaycanın təhsil müəssisələrində "Bilik günü" qeyd olunur. Azərbaycanda məktəblərdə dərslər “Bilik Günü” hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır. Yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə I siniflərə 132, məktəbəhazırlıq qruplarına isə 89 mindən çox uşaq qəbul olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagirdin təhsil alacağı gözlənilir. SİA "Bilik Günü" münasibətilə 7 nömrəli məktəbdə valideynlərin təəssüratlarını öyrənib.
Birinci sinif müəllimi Leyla Kərimova: "7 nömrəli məktəbin 1A sinfinin müəllimiyəm. İlk gündür, uşaqları həyəcanlı görürük. Uşaqlar ilk gün olduğu üçün biri həyacan keçirir, biri ağlayır, amma biz onlara ana kimi yanaşırıq. Biz onların ikinci anası oluruq. Həmişə uşaqlarla gün ərzində neçə saat vaxt keçiririk. Uşaqlara təkcə bilik yox, həm də dostluq, mehribanlıq, vətənpərvərlik, qayğıkeşlik öyrədirik. Gələcək nəsilləri yetişdiririk. Onları Azərbaycan dövləti üçün vətənpərvər övladlar kimi böyüdürük. Ona görə biz təkcə müəllim deyilik, həm ikinci anayıq. 18 ildir ibtidai sinif müəllimi kimi fəaliyyət göstərirəm. Həmişə də uşaqlarıma qayğı ilə yanaşmışam. Onlara övladım kimi baxmışam. Sənətimi də, uşaqlarla işləməyi də çox sevirəm. Sənətimlə də fəxr edirəm. Bütün müəllimləri "Bilik Günü" münasibətilə təbrik edirəm. Onlara və valideynlərə səbr arzu edirəm. Arzu edirəm ki, onlar övladlarının ən xoş günlərini görsünlər. Həmişə baxıb fəxr etsinlər".
Məktəbli xalası Gülnarə Məmmədova: "Allah birincilərə xeyir versin, təəssüratım əladır. Uşaqların uğurları bol olsun, yaxşı oxusunlar. Yaxşı məktəbdir, birinci dəfə içəri daxil oldum. Bacımın oğlu birinci sinfə gedir. Arzum odur ki, bütün balalar sağlam, xoşbəxt, savadlı olsunlar. Azərbaycanda həmişə savadlı uşaqlar yetişsin".
Valideyn Naibə Abıyeva: "Qızım birinci sinİfə gəlir. Bizim üçün çox gözəl gündür. İlk növbədə bütün müəllim heyətini, məktəb rəhbərliyini və uşaqları bayram münasibətilə təbrik edirəm. Çünki onların birinci dərs ilidir və bayramdır. Hamıya sizinlə birlikdə uğurlar arzu edirəm".
Nənə İradə İmanova: "Təəssüratlarım çox gözəldir. Mən bu məktəbin müəllimi olmuşam, 40 il bu məktəbdə müəllim kimi fəaliyyət göstərmişəm. İndi təqaüddəyəm. Nəvəmi birinci sinfə gətirmişəm. Mənim üçün çox xoş oldu. Bizim məktəb birinci yerdədir".
Valideyn Samirə Paşazadə: "Yeni tədris ilində bütün birincilərə, bütün şagirdlərə bir müəllim və valideyn kimi müvəffəqiyyətlər arzulayıram. Valideynlərə də səbr arzu edirəm. İnşallah övladlarının uğurlarını görsünlər, hər zaman sevinsinlər. Övladıma isə ən birinci can sağlığı arzulayıram. Tərbiyəli, gözəl mühitdə böyüsün. Daha sonra da savadlı kadr kimi yetişsin, Ali məktəbə daxil olsun. Bütün uşaqların yolu açıq olsun".
Birinci sinif müəllimi Nigar Bağırova: "Çox şadam, çox sevinirəm ki, nəslimiz davam edir. Belə ağıllı, gül balalar yetişdiririk. İnşallah onlar da Vətənimizə xeyirli, uğurlu övlad kimi yetişərlər".
Valideyn Şəfa Balacayeva: "Bu hissləri yaşamaq lazımdır. Çox sevincliyəm. Bu gün "Bilik Günü"dür. İnşallah uşağım uğur qazanar. Məktəbi çox bəyənirəm. Leyla müəllim çox səmimi və gözəl, qayğıkeş biridir. Bizdən sonra ana odur. Arzularım odur ki, uşağım gələcəkdə həkim olsun. Özü də istəyir. İnşallah da olar".
Bütün xəbərlər Facebook səhifəmizdə