Bakının azad edilməsi Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilib

Sentyabrın 13-də AMEA-nın A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Bakının azad edilməsinin 106-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, institutdan bildirilib ki, tədbirdə “Bakının azad olunması uğrunda diplomatik mübarizə”, “Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilə Osmanlı hərbi komandanlığı arasında münasibətlər”, “15 sentyabr Bakının azad edilməsi bolşevik-daşnak siyasətinin iflası kimi”, “Bakı uğrunda mübarizədə ingilis amili”, “Bakı şəhərinin azad edilməsi üçün göstərilən ilk cəhdlər” mövzularında məruzələr dinlənilib. Çıxışlarda Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin tarixi, siyasi, eləcə də geosiyasi əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycanın Əlahiddə Müsəlman Korpusu Bakını daşnak-bolşevik işğalından azad edib. 1918-ci ilin sentyabrında Bakının azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bakının işğaldan azad edilməsi ilə Azərbaycanın müstəqilliyi təmin olunub, bu zəfər tarixi-siyasi və mənəvi-psixoloji əsaslara söykənməklə Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilib.

Dəyirmi masada bildirilib ki, Bakının daşnak-bolşevik işğalı altında olması yenicə istiqlaliyyətini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna ciddi təhdid idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Özünün çox ağır durumuna baxmayaraq, Osmanlı dövləti Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərib, bu ordu öz tarixi vəzifəsini şərəflə yerinə yetirib. Sentyabrın 15-də şərəfli missiyasını uğurla başa çatdıraraq Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verib, xalqımızı darda qoymayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə