Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti Çin dili kurslarına start verilir

Sentyabrın 25-dən Heydər Əliyev Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dillər Universitetinin nəzdində Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin dəstəyi ilə UNEC-də növbəti dəfə Çin dili kurslarına başlanılacaq. SİA xəbər verir ki, UNEC Ekstern Mərkəzində keçiriləcək dərslər həftədə 3 dəfə təşkil olunacaq.

Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan təlimlər iştirakçılara Çin dili üzrə elementar səviyyəni aşılayacaq. İştirakçılar dilin ümumi qrammatik quruluşuna bələd olacaq, sadə fikir mübadiləsi aparmaq bacarığı əldə edəcəklər. Üç ay davam edəcək proqram üzrə təlimlər distant formada keçiriləcək. Bununla yanaşı, Çin mədəniyyəti ilə bağlı da həftədə bir dəfə dərslər nəzərdə tutulub.

Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək. Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı da əldə edəcəklər.

Proqramın aylıq ödənişi 60 manat təşkil edir. Sosial cəhətdən dəstəyə ehtiyacı olan şəxslər - şəhid ailələri, qazilər və onların ailə üzvləri, eləcə də sosial cəhətdən həssas əhali qruplarından olan digər şəxslərin təhsil haqları isə Heydər Əliyev Fondu tərəfindən qarşılanacaq.

Qeyd edək ki, hazırda dünyada Çin dilinə maraq göstərənlərin sayı artmaqda davam edir. İqtisadi sahədə əldə etdiyi uğurlar səbəbindən Çin dili dünyanın ən çox yayılan dillər siyahısında ilk yerlərdə qərarlaşıb. Bu, Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Çin dili üzrə 3-cü kurslardır.

Dərslərdə iştirak etmək istəyənlər sənədlərini sentyabrın 24-nədək təqdim etməlidirlər. Namizədlər İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən UNEC Ekstern Tədris Mərkəzinə, yaxud extern@unec.edu.az elektron ünvanına müraciət edə bilər. Əlaqə nömrələri - (012) 492 59 03 (daxili 1511), (051) 590 42 44.

Bütün xəbərlər Facebook səhifəmizdə