Bu il Balakən rayonundan 288 məzun tələbə adını qazanıb

Bu il ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş balakənli məzunlardan 288 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 38 nəfəri 500-dən, 15-i isə 600 baldan yuxarı nəticə göstərib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Balakən Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə rayon rəhbərliyinin görüşündə məlumat verilib.

Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ali məktəblərə qəbul imtahanlarının nəticələrinin rayonun məzunları üçün uğurlu olduğunu bildirib, tələbə adını qazanan məzunları təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadrlar kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərə layiqli töhfələr vermələrini arzulayıb. Rayon rəhbəri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatların öz töhfəsini verdiyini vurğulayıb.

Görüşdə diqqətə çatdırılıb ki, Balakən şəhər Nəsimi adına 2 saylı tam orta məktəbin məzunu Abdul Omarov qəbul imtahanlarında rayon üzrə hamıdan çox – 689 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına qəbul olub. Tədris ilinin yekunlarına görə, 1 məzun qızıl nişana layiq görülüb, 36 nəfərə fərqlənmə attestatı verilib.

Çıxış edənlər təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda imtahanlarda yüksək nəticə göstərən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə