"Orada 230, 225 balla da tələbə adını almaq mümkün idi" - EKSPERT DETALLARI AÇIQLADI
Məlumdur ki, ötən gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında "600-dən çox bal toplayan iki nəfər universitetə qəbul olmayıb" demişdi. Onun sözlərinə görə, həmin şəxslərdən biri 1-ci ixtisas qrupu üzrə yalnız ödənişsiz əsasla 1 yer- Bakı Ali Neft Məktəbini seçib və qəbul olmayıb. Belə ki, o, yanaşı başqa seçim etsəydi qəbul olardı. Digər şəxs isə 3-cü ixtisas qrupu üzrə olub. O da sırf Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını ödənişsiz seçdiyi üçün qəbul ola bilməyib. Bəs, onların atdığı bu addım nə dərəcədə doğrudur? İnsanlar işlərini bu qədər şansa buraxmalıdırlarmı? SİA mövzu ilə bağlı təhsil eksperti, STM əməkdaşı Elmin Nurinin fikirlərini öyrənib.

Elmin Nuri bildirib ki, bu məsələyə qətiyyən yanlış kodlaşdırma, yaxud işin şansa buraxma amili kimi baxılmır: "Təsəvvür edin, adamlar 600-dən yuxarı bal toplayıblar özü də 1-ci qrup olublar. Onlar kodlaşdırmanı da, məntiqi mühakiməni də digərlərindən qətiyyən az bilməyiblər. Yəni 1-ci qrup elə qrupdur ki, orada 230, 225 balla da tələbə adını almaq mümkün idi. Sadəcə olaraq bir toplum olaraq universitetə münasibətimiz elədir ki, mütləq mənada biz ora daxil olmaq amili kimi yanaşırıq. Yəni, məktəbi bitiririksə biz mütləq universitetə daxil olmalıyıq. Universitet bizim üçün məçhul bir rəqabət amilinə, meyarına çevrilibdir, nəinki bir hədəfə. Bu iki gənc üçün isə universitet və sevdikləri yeganə ixtisas böyük bir hədəf olub. Əmin olun ki, bu iki gənci çox tanımaq istərdim, onları sizin vasitənizlə alqışlamaq istəyirəm. Böyük uğur qazanacaqlar. Çünki onlar bəziləri kimi necə olursa-olsun universitetə daxil olum, nə yolla olursa-olsun tələbə adını qazanım fikrində deyillər. Onlar üçün universitet, onlar üçün hədəf amili də bir başqadır. Təsəvvür edin, adamların 15 xana şansı olduğu halda yalnız birini yazıblar. Onlar çünki məqsədlidirlər, hədəfləri var. Bu uşaqları alqışlayıram.
Amma bir detalı demək istəyirəm ki, bizdə universitet adı çoxaldıcı olmasın. Bizdə istənilən ixtisasın başqa universitetdə də alternativi var. Təbii ki BANM-dəki kompüter mühəndisliyi ilə hansısa universitetdə kompüter mühəndisliyi bir ola bilməz. Amma və lakin bu uşaqlar o qədər məqsədli olublar ki, yalnız bir mövqedən başqasını heç zaman düşünməyiblər. Əmin olun, onlar gələcəkdə də böyük bir kadr kimi formalaşacaqlar. Onların etdiyi hərəkət Azərbaycan ali təhsil seqmentinə verilən xüsusi bir dəyərdir. Yəni ya bu olacaq, ya da ümumiyyətlə olmayacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB