"AİB-in Azərbaycanla əməkdaşlığı digər qurumlardan seçilir" ŞƏRH-ÖZƏL

"Azərbaycan hökuməti demək olar ki, dünyanın bütün beynəlxalq maliyyə qurumları, təşkilatları ilə əməkdaşlıq edir və bu əməkdaşlığa dövlət başçımız çox böyük önəm, əhəmiyyət verir. Həmin maliyyə qurumları ilə Azərbaycanın əməkdaşlığının çox böyük əhəmiyyəti və nəticələri var və bu, zaman etibari ilə özünü müxtəlif xarakterdə göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Azərbayanın əməkdaşlıq etdiyi maliyyə qurumları içərisində Asiya İnkişaf Bankının xüsusi yeri olduğunu deyən ekspert söyləyib ki, bunu Prezident İlham Əliyev AİB rəhbərliyi ilə keçirilən videokonfransda da xüsusi olaraq qeyd etdi: “Dövlət başçışımızın Cənub qaz dəhlizi layihəsi ilə əlaqədar buna ən birinci müsbət reaksiya verən maliyyə qurumunun məhz, Asiya İnkişaf Bankının olması nüansına toxunması bunu deməyə əsas verir. Halbuki ölkə başçısının da qeyd etdiyi kimi, söhbət Azərbaycan qazının Avropaya ixracından, yəni, Avropa üçün əhəmiyyətli bir məsələdən gedir. Amma Avropa bankları, hələ bu barədə düşündüyü zaman Asiya İnkişaf Bankı bu layihəyə dəstəyini göstərib və layihənin əhəmiyyətli olduğunu digər maliyyə qurumlarından fərqli olaraq birinci bəyan edib".

Ekspert söyləyib ki, Asiya İnkişaf Bankının Azərbaycanda göstərdiyi fəaliyyət, maliyyələşdirdiyi bir çox sahə ölkəmizin gələcək inkişafı üçün xüsusilə böyük əhəmiyyət daşıyır: “Videokonfransda da qeyd olunduğu kimi, Asiya İnkişaf Bankı aqrar sektorun inkişafı ilə bağlı məsələlərdən tutmuş, yol tikintisi, o cümlədən nəqliyyat və bir sıra çoxsaylı infrastruktur layihələrinin dəstəklənməsi, hətta, elektrik enerjisinin istehsalına qədər, yəni, ölkənin enerji təhlükəsizliyi ilə bağlı da bir sıra layihələrdə Azərbaycanla əməkdaşlıq edir və bu sahədə müvafiq layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Bu mənada Asiya İnkişaf Bankının Azərbaycanla əlaqələri, əməkdaşlığı digər qurumlardan fərqli olaraq daha çox seçilir və elə dövlət başçımız da bu banka öz məmnunluğunu açıq şəkildə videokonfrans zamanı bildirib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə