ADSEA-nın əməkdaşları gücləndirilmiş iş rejimi şəraitində ərazilərdən yağış sularını kənarlaşdırırlar

İntensiv yağışlar zamanı ərazilərdə toplanan yağış sularının kənarlaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən SİA-ya bildirilib ki, ADSEA və Xidmətin cavabdeh şəxsləri, o cümlədən sukanal idarələrinin əməkdaşları müxtəlif ərazilər üzrə yağış sularının kənarlaşdırılması işlərini həyata keçirirlər.

Suraxanı rayonu Hövsan qəsəbəsi İ.Əhlimanov, Zığ qəsəbəsi İ.Süleymanov küçəsində kanalizasiya xətləri təmizlənir, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev, Yaşar Əliyev, Səbail rayonu, Neftçilər prospekti ilə Bülbül küçəsinin kəsişməsi, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 3 nömrəli nasosstansiya, Bağırov körpüsü və digər ərazilərdə toplanan yağış suları kənarlaşdırılır.

İşlər intensiv və təxirəsalınmaz şəkildə davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə