Kredit ittifaqlarının vəziyyətinin pisləşməsi faizlərin qalxmasına səbəb olacaq? - İQTİSADÇI AÇIQLADI

Azərbaycanın maliyyə bazarında ən riskli bəndlərdən biri sayılan kredit ittifaqları üçün təhlükə siqnalları artmağa başlayıb. 2026-cı ilin ilk rübünün nəticələrinə görə, bu sektorun zərəri kəskin şəkildə düz 4 dəfə artaraq narahatlıq doğuran həddə çatıb. Ehtiyat ayırmalarının çoxalması və problemli kreditlərin yükü kiçik maliyyə institutlarını faktiki olaraq çıxılmaz vəziyyətə salıb. Bəs bu kəskin kredit götürmək istəyən vətəndaşlar üçün hansı real təhlükələri vəd edir? Zərərin 4 dəfə artması bu sektorun tamamilə sıradan çıxması deməkdirmi? Kredit ittifaqlarının vəziyyətinin pisləşməsi faizlərin qalxmasına səbəb olacaq? Hazırda bu qurumlardan borc almaq risklidir, yoxsa banklara üz tutmaq daha sərfəlidir?

Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, son aylarda problemli kreditlərin həcmində artımlar müşahidə olunur:

“Nəzərə alsaq ki, son aylar ərzində problemli kreditlərin həcmi 100 milyon manata yaxın artıb. Bu da, təbii ki, arzuolunan deyil.

Baxmayaraq ki, problemli kreditlərin ümumilikdə bank portfelində, kredit portfelindəki payı təhlükəli həddə deyil, amma dinamika təbii ki, neqativdir və arzuolunan deyil.

Kredit ittifaqları nisbətən kiçik kredit təklif edən qurumlardır. Onların əksəriyyəti 5000 manata qədər kreditlər təklif edir. Burada əslində problemlərdən biri həmin kreditlərin qaytarılmasında ödəmə qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Ödəmə qabiliyyətinin zəifləməsi praktik olaraq problemli kreditlərin artmasına təsir göstərir.

Eyni zamanda, bank sektorunda rəqabət artdıqca, nisbətən daha yüksək faizlə kredit təklif edən qurumların rəqabətdə sıradan çıxması istisna deyil.

Hazırda Mərkəzi Bankın qeyd etdiyi kimi, fəaliyyət göstərən banklarla bağlı hər hansı bir təhdidin olmadığı bildirilir. Amma nəzərə alsaq ki, kredit ittifaqları və daha çox kreditləşmə ilə məşğul olan bu qurumlarda biz mütəmadi olaraq bəzilərinin sıradan çıxmasını və yenilərinin yaranmasını müşahidə edirik.

Amma son rəqəmlər kredit ittifaqlarının tamamilə sıradan çıxması anlamına gəlmir. Burada təbii ki, Mərkəzi Bank da həmin ittifaqların sağlamlaşdırılması ilə bağlı siyasətini daha da genişləndirməlidir ki, bank sektorunda fərqli iştirakçılar olsun və bu da imkan versin ki, kredit ittifaqları növbəti mərhələdə də fəaliyyətlərini davam etdirə bilsinlər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə