“Qeyri-neft sektorunda dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri məhz turizmdir“ - EKSPERT DANIŞDI

“Azərbaycan inkişaf etməkdə olan ölkə statusundan çıxaraq inkişaf etmiş ölkələr sırasına yüksəlməlidir. Bunun üçün qeyri-neft sektoru, xüsusilə də turizm sahəsi daha sürətlə inkişaf etdirilməlidir. Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı -ekspert Günay Hüseynova bildirib.

Qeyri-neft sektorunda dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri məhz turizm gəlirləri olmalıdır. Bu istiqamətdə qonşu ölkələrin, xüsusilə Türkiyə, Gürcüstan və Misir kimi dövlətlərin təcrübəsindən faydalanmaq vacibdir. Eyni zamanda beynəlxalq forumlar və tədbirlər vasitəsilə gələn turistlərin maraqlarına uyğun şərait yaradılmalıdır”.

Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı -ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, özəl sahibkarlıq bu sahədə daha düzgün istiqamətləndirilməli və turist sadəcə gəlir mənbəyi kimi deyil, məmnun qalmalı bir qonaq kimi qəbul edilməlidir:

” Yəni turizm “xidmət göstərildi və bitdi” prinsipi ilə deyil, davamlı məmnuniyyət və geri dönüş yaratmaq məqsədi ilə inkişaf etdirilməlidir. Məsələn, Türkiyə, Gürcüstan və Misir kimi ölkələrdə turistlərə göstərilən xidmətlərin ortaq xüsusiyyəti onların yenidən həmin ölkəyə qayıtmaq istəyi yaratmasıdır. Bu isə müştəri məmnuniyyətinin ön planda olmasının nəticəsidir.

Turizm yalnız lüks məkanlara və yüksək xərclərə yönəlməməlidir. Əsas məqsəd ölkə iqtisadiyyatına davamlı və geniş təsir göstərən bir sistem qurmaqdır. Turistlərin ilk qarşılandığı andan etibarən onların rahatlığı təmin edilməlidir. Məsələn, hava limanında simvolik qiymətlərlə mobil nömrə və tarif paketlərinin təklif edilməsi bu baxımdan mühüm addım ola bilər.

Digər vacib məsələ xidmət keyfiyyətidir. Təəssüf ki, bu sahədə hələ də çatışmazlıqlar mövcuddur və nəzarət mexanizmləri kifayət qədər güclü deyil. Bu problemlərin ən azı 70 faizinin həlli turizm sektorunun inkişafı üçün əsas şərtlərdəndir.

Turist axınının artması ölkə iqtisadiyyatına, xidmət sektoruna və Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir. Turistin ölkədən ayrılması ilə proses bitməməli, əksinə, o, ölkə haqqında məlumatlı bir “təbliğatçıya” çevrilməlidir. Bu isə qeyri-neft sektoruna investisiyaların artmasına, sahibkarlığın genişlənməsinə və xarici bazarlara çıxışın güclənməsinə şərait yaradır.

Bu sahənin inkişafı üçün xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə də əməkdaşlıq genişləndirilməlidir. Dövlət dəstəyi ilə həyata keçirilən investisiya layihələri turistlər və investorlar üçün daha etibarlı mühit yaradır. Nəticə etibarilə, düzgün təbliğat, sistemli planlaşdırma və kompleks yanaşma ilə Azərbaycanın turizm potensialını daha da artırmaq mümkündür”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə