“2026-cı ilin ilk 4 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10.2% artıb” -TALEH KAZIMOV

“Valyuta bazarında təklif tələbi üstələyib, Mərkəzi Bank ehtiyatlarını artırıb”.

SİA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın idarə heyyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2026-cı ilin ötən dövründə ölkənin valyuta bazarında təklif tələbi üstələyib. Bu tendensiya həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub.

İlkin göstəricilərə əsasən, ilin ilk 4 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışı 190 milyon ABŞ dolları üstələyib.

Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.1 faiz bəndi azalaraq 2026-cı ilin mart ayında 28%-ə enib. Bu isə məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.

Qeyd olunub ki, xüsusilə aprel ayında keçirilən valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli dərəcədə azalması nəticəsində bazarda təklif artıqlığı yaranıb. Bu şəraitdə Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib.

Bununla yanaşı, 2026-cı ilin ilk 4 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10.2% artaraq 12.7 milyard ABŞ dollarına çatıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə