“Göstəricilər ölkədə nağdsız iqtisadiyyatın tədricən genişləndiyini deməyə əsas verir” -EKSPERT DANIŞDI

“Kart sayının artması, daha dəqiq desək, bir il ərzində 10 faizdən çox yüksəlməsi onu göstərir ki, əhali bank sistemindən daha geniş istifadə etməyə başlayıb. Xüsusilə debet kartlarının sayındakı artım əməkhaqqı, pensiya və digər gəlirlərin daha çox kart vasitəsilə dövriyyəyə daxil olduğunu göstərir”.
Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov bildirib.
Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, kart sayının çoxalması hələ tam olaraq nağdsız ödənişlərin geniş tətbiq olunduğu anlamına gəlmir:

”Eyni şəxsin bir neçə karta sahib olması da mümkündür. Əsas göstərici kartların aktiv istifadəsidir. Bu baxımdan müsbət məqam ondan ibarətdir ki, nağdsız əməliyyatların həcmi təxminən 20 faiz artmışdır ki, bu da real davranış dəyişimini əks etdirir , yəni kartlar artıq sadəcə saxlanılmır, aktiv şəkildə istifadə olunur.

Kredit kartlarının sayında müşahidə olunan azalma isə ya əhalinin borclanmaya daha ehtiyatlı yanaşması, ya da bankların kredit siyasətində daha konservativ mövqe tutması ilə izah oluna bilər. Hər iki halda bu tendensiya müəyyən risklərin azalması baxımından mənfi qiymətləndirilməyə də bilər.

Ümumi mənzərəyə baxdıqda, bu göstəricilər ölkədə nağdsız iqtisadiyyatın tədricən genişləndiyini deməyə əsas verir. Bununla belə, daha dəqiq nəticə əldə etmək üçün kartlardan aylıq istifadə intensivliyi, regionlar üzrə fərqlər və ümumi ödəniş dövriyyəsində nağdsız əməliyyatların payı kimi əlavə indikatorların da təhlili vacibdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə