“Dövlət qiymət artımını azaltmaq üçün müxtəlif iqtisadi tədbirlər görür“ -EKSPERT DANIŞDI

“Spekulyativ alışların, başqa sözlə fyuçers əməliyyatlarının birja bazarında həcminin artması qlobal miqyasda qiymətlərin yüksəlməsinə səbəb olan əsas amillərdən biri kimi çıxış edir”.
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, bu proses xüsusilə kənd təsərrüfatı məhsullarında, o cümlədən buğda bazarında daha qabarıq şəkildə hiss olunur:

” İnvestorların gələcək qiymət artımı gözləntiləri ilə daha çox alış etməsi bazarda süni tələbat yaradır və nəticədə qiymətlər real təklif-tələb balansından kənara çıxaraq yüksəlir.

Azərbaycanın idxalçı ölkə olması isə bu cür qlobal qiymət dəyişikliklərinin daxili bazara birbaşa təsir etməsinə gətirib çıxarır. Bu baxımdan, beynəlxalq bazarlarda buğdanın bahalaşması ölkə daxilində də un və çörək qiymətlərinə təzyiq göstərir. Çörək isə zəruri istehlak məhsulu olduğuna görə onun qiymətində baş verən artım əhalinin sosial rifahına birbaşa təsir edir və bu səbəbdən dövlət tərəfindən xüsusi nəzarətdə saxlanılır.

Qiymət artımının qarşısını almaq və sosial həssaslığı qorumaq məqsədilə dövlət müxtəlif iqtisadi alətlərdən istifadə edir. Bu tədbirlərə subsidiyaların məbləğinin artırılması, istehsalçılara və idxalçılara müəyyən vergi və gömrük güzəştlərinin tətbiqi, eləcə də əsas ixracatçı ölkələrlə uzunmüddətli və sabit qiymətli müqavilələrin bağlanması daxildir. Bundan əlavə, bazarda kəskin qiymət artımı və ya qıtlıq riski yarandıqda dövlət ehtiyatlarının müəyyən hissəsinin satışa çıxarılması ilə bazar tarazlaşdırılır.

Buğda qiymətlərinin artması yalnız un və çörəklə məhdudlaşmır. Bu proses digər ərzaq məhsullarına da zəncirvari təsir göstərir. Məsələn, un məmulatları, makaron, şirniyyat məhsulları ilə yanaşı, heyvandarlıq sektorunda yem xərclərinin artması nəticəsində ət və süd məhsullarının da qiymətində artım müşahidə oluna bilər. Beləliklə, buğda bazarındakı dəyişikliklər ümumi inflyasiya prosesinə təsir edən mühüm amillərdən birinə çevrilir.

Hazırda spekulyativ alışların bazarda müəyyən gərginlik yaratmasına baxmayaraq, Azərbaycan üçün vəziyyət kritik hesab olunmur. Bunun əsas səbəblərindən biri ölkənin strateji ehtiyatlarının mövcudluğu və dövlətin bazara müdaxilə imkanlarının kifayət qədər geniş olmasıdır. Digər mühüm amil isə qlobal enerji bazarlarında, xüsusilə neft qiymətlərində müşahidə olunan artımdır. Neft gəlirlərinin yüksəlməsi ölkənin valyuta ehtiyatlarının artmasına şərait yaradır və bu da idxal xərclərinin kompensasiya olunmasına, eləcə də sosial-iqtisadi sabitliyin qorunmasına imkan verir.

Qlobal bazarlarda baş verən qiymət dəyişiklikləri müəyyən risklər yaratsa da, Azərbaycanın iqtisadi alətləri, ehtiyat imkanları və enerji gəlirləri bu təsirlərin minimuma endirilməsində mühüm rol oynayır. Bu isə ölkənin iqtisadi dayanıqlılığını və əhalinin sosial müdafiəsini təmin edən əsas faktorlar kimi çıxış edir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə