“Metropolitenin fəaliyyəti tam bərpa olunub, hərəkət normal qrafiklə davam edir” - Bəxtiyar Məmmədov

“Hadisə ilə əlaqədar hər hansı sərnişindən səhhətində problem və ya özünü narahat hiss etməsi ilə bağlı müraciət daxil olmayıb. Bununla belə, ehtiyat tədbirləri çərçivəsində bütün zəruri preventiv addımlar atılıb”.

SİA xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, baş vermiş insidentin səbəbləri yaxın günlərdə tam və müfəssəl şəkildə araşdırılacaq və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bəxtiyar Məmmədov qeyd edib ki, xəttlərə elektrik gərginliyinin verilişi qısa müddətdə – təxminən 2–14 dəqiqə intervalında bərpa olunub: “Bundan sonra saat 15:00-a qədər qatarların hərəkətinin tənzimlənməsi və texniki yoxlanış işləri aparılıb, saat 15:00-dan etibarən isə sərnişinlərin qəbuluna yenidən başlanılıb”.

O vurğulayıb ki, hazırda metropoliten normal qrafik üzrə fəaliyyətini davam etdirir və bütün stansiyalar fasiləsiz şəkildə sərnişinlərə xidmət göstərir.

Mətbuat katibi əlavə edib ki, hadisə ilə bağlı texniki və təşkilati məsələlər ətraflı araşdırılır və gələcəkdə bu kimi halların qarşısının alınması üçün əlavə tədbirlər görüləcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə