“Gübrələrin bahalaşması kənd təsərrüfatında məhsul qiymətlərinə təsir edəcək” -EKSPERT DANIŞDI

“Meyvə və tərəvəz məhsullarının qiymətində müəyyən artımın müşahidə olunacağı artıq hiss edilməyə başlayıb. Lakin bu artımı yalnız gübrə qiymətlərinin bahalaşması ilə izah etmək düzgün olmazdı”.
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib .

Onun sözlərinə görə, məsələ daha geniş və çoxşaxəlidir:

” Qeyri-sabit hava şəraiti, mövsümi dəyişikliklər, logistik xərclər və xüsusilə enerji qiymətlərindəki artım bu prosesə birbaşa və dolayı təsir göstərən əsas amillər sırasındadır.

Enerji qiymətlərinin yüksəlməsi kənd təsərrüfatının demək olar ki, bütün mərhələlərinə təsir edir. Gübrə istehsalı enerji tutumlu sahə olduğuna görə, enerji bahalaşdıqca gübrənin maya dəyəri də artır. Bu isə fermerlərin xərclərinin yüksəlməsinə səbəb olur və nəticədə məhsulun satış qiymətinə təsir göstərir. Bununla yanaşı, daşınma və saxlama xərclərinin də artması ümumi qiymət dinamikasını daha da gücləndirir.

Əgər enerji qiymətlərində artım bu templə davam edərsə, bu zaman alternativ yolların axtarılması zərurəti yaranacaq. Belə hallarda ya digər bazarlardan idxalın artırılması, ya da dövlət tərəfindən subsidiya mexanizmlərinin gücləndirilməsi vasitəsilə daxili bazarda qiymətlərin tənzimlənməsi mümkün ola bilər. Bu addımlar həm istehlakçının, həm də istehsalçının maraqlarını qorumaq baxımından mühüm rol oynayır.

Digər tərəfdən, ölkə daxilində mövcud istehsal potensialı da diqqətdən kənarda qalmamalıdır. Sumqayıt şəhərində fəaliyyət göstərən karbamid zavodu azot əsaslı gübrələrin istehsalı üçün mühüm əhəmiyyət daşıyır. Bu kimi müəssisələrin istehsal gücünün artırılması daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azalmasına kömək edə bilər. Bu da uzunmüddətli perspektivdə qiymətlərin stabilləşdirilməsi üçün effektiv vasitədir.

Mövcud şəraitdə qiymət artımının kəskin deyil, daha çox qismən olması gözlənilir. Bunun əsas səbəblərindən biri də mövsümi amillərlə bağlıdır. Yazın sonu və yay aylarında əhalinin bir hissəsi iri şəhərlərdən rayon və kəndlərə üz tutur. Bu isə böyük şəhərlərdə, xüsusilə Bakı kimi mərkəzlərdə tələbatın nisbətən azalmasına gətirib çıxarır. Digər tərəfdən, meyvə və tərəvəz məhsulları tez xarab olan məhsullar kateqoriyasına aid olduğu üçün onların qiymətini həddindən artıq artırmaq satıcılar üçün də sərfəli olmur.

Bundan əlavə, fermerlərin böyük hissəsi istifadə edəcəkləri gübrəni əvvəlcədən stoklayaraq anbarlarında saxlayıblar. Bu da o deməkdir ki, yeni qiymət artımları dərhal bazara tam təsir göstərmir. Məhz bu səbəbdən yaxın dövrdə qiymət artımı daha çox cüzi səviyyədə hiss oluna bilər.

Lakin vəziyyətin gələcək inkişafı birbaşa enerji bazarındakı dəyişikliklərdən asılı olacaq. Əgər sentyabr ayına qədər enerji qiymətlərində enmə baş verməzsə, bu zaman həm gübrə, həm də digər istehsal xərclərinin artımı daha aydın şəkildə hiss ediləcək və nəticədə meyvə-tərəvəz qiymətlərində daha kəskin bahalaşma müşahidə oluna bilər. Bu isə bazarda yeni qiymət mərhələsinin başlanğıcı deməkdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə