Azərbaycanda aqrar subsidiyalar fermer rifahını və sektorun dayanıqlı inkişafını təmin edir? - AÇIQLANDI
“Azərbaycanda subsidiyaların ayrılması əsasən aqrar sektor üzərində cəmlənmişdir. Kənd təsərrüfatında fəaliyyət göstərən fermerlərə dövlət tərəfindən təqdim olunan subsidiyalar bu sahədə istehsal xərclərinin müəyyən hissəsinin kompensasiya edilməsinə yönəlib. Bu yanaşma, nəticə etibarilə, fermerlərin maliyyə yükünün azaldılmasına və gəlirlərinin artmasına xidmət edir”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, son illərdə subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır:
“Xüsusilə prosesin elektronlaşdırılması şəffaflığın və operativliyin artırılmasına şərait yaratmışdır. Subsidiyaların birbaşa fermerlərin bank hesablarına köçürülməsi vasitəçilik hallarını minimuma endirərək daha səmərəli idarəetməni təmin edir. Bununla yanaşı, subsidiya məbləğlərinin mərhələli şəkildə optimallaşdırılması və uyğunlaşdırılması da müşahidə olunur ki, bu da resurslardan daha effektiv istifadə imkanlarını genişləndirir.
Qeyd etmək lazımdır ki, aqrar sektorun subsidiyalaşdırılması yalnız Azərbaycana xas bir təcrübə deyil. Bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa İttifaqında bu sahəyə geniş maliyyə dəstəyi ayrılır və bu, ümumi büdcə xərclərində mühüm paya malikdir. Bunun əsas səbəbi kənd təsərrüfatının strateji və həssas sektor kimi qiymətləndirilməsidir.
Ümumilikdə, Azərbaycanda da gələcək mərhələdə aqrar sektor başda olmaqla həssas sahələrə subsidiyaların ayrılmasının davam etdiriləcəyi gözlənilir. Bu isə həm kənd təsərrüfatının dayanıqlı inkişafına, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB