Alçanın kilosunun 100–200 manata qədər yüksəlməsi nə ilə bağlıdır? - AÇIQLANDI

“Alçanın bu qədər bahalaşması, görünür, əsasən həqiqi iqtisadi səbəblərlə bağlıdır. Bağlarda xəstəliyin yayılıb və bu səbəbdən bağlarda ağac başına cəmi 2-3 kq məhsul alınır. Bu isə təklifin kəskin azalmasına yol açıb. Normal illərdə eyni ağac 15–20 kq və daha çox məhsul verə bilər, yəni istehsal həcmi bəzən 80-90% aşağı düşüb. Belə bir kəsintinin birbaşa nəticəsi qiymətlərin sıçramasıdır, bu da özlüyündə bazar mexanizminin işləməsidir”.

Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.


O, sözlərinə belə davam edib: “Lakin sual odur ki, qiymət artımı yalnız məhsuldarlığın azalmasını əks etdirir, yoxsa aradakı vasitəçilər də payını götürüb artırıb? Əksər hallarda belə böhran dövrlərində bağçıdan toplu alış qiyməti ədalətli şəkildə artsa da, pərakəndə satışa çatanda qiymət üstünə bir neçə qat əlavə olunur. Yəni həm mövsümi qıtlıq, həm də vasitəçi zəncirinin şişirtməsi birgə işləyir.

Bu, bazar iqtisadiyyatının "təbii" nəticəsidir, amma "ədalətli" nəticəsi olub-olmadığı ayrı məsələdir. Belə hallarda dövlət tərəfindən birbaşa qiymət müdaxiləsi adətən effektiv olmur, çünki əgər qiymət süni şəkildə aşağı tutulsa, satıcılar malı gizlədər və ya bazardan çəkilər, qıtlıq daha da dərinləşər. Daha məqsədəuyğun yanaşma aşkarlıq mexanizmlərinin gücləndirmək olardı: bağçı-pərakəndəçi arasındakı qiymət fərqinin izlənməsi, xüsusilə bağlara göstərilən fitosanitar yardımın sürətləndirilməsi və gələcəkdə xəstəliklərə qarşı sığorta mexanizmlərinin qurulması. Qiymətə deyil, problemi doğuran səbəblərə müdaxilə etmək daha uzunmüddətli nəticə verir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə