“Bu Cənubi Qafqazda əməkdaşlıq imkanlarının artdığını göstərir” - İQTİSADÇI AÇIQLADI

“Ermənistana yanacaq tədarükünə 18 dekabr 2025-ci il tarixində başlanılıb və sonuncu tədarük aprelin 11-də 887 ton həcmində olub.
Zənnimcə, enerji məhsullarının tədarükü kimi praktik əməkdaşlıq addımları Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlərin mərhələli şəkildə normallaşmasına töhfə verə bilər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bu cür ticarət əlaqələri regionda logistika imkanlarının genişlənməsinə, qarşılıqlı iqtisadi asılılığın formalaşmasına və uzunmüddətli perspektivdə etimad mühitinin güclənməsinə zəmin yaradır:

“Eyni zamanda, bu proses Ermənistanın enerji təchizatının diversifikasiyası baxımından əhəmiyyətlidir və alternativ mənbələrin formalaşmasına imkan verir. Azərbaycan baxımından isə sözügedən ixrac əməliyyatlarının daxili enerji bazarına təsiri hazırkı mərhələdə məhdud qiymətləndirilir. İxrac olunan həcmlər ölkənin ümumi istehsal və istehlak göstəriciləri ilə müqayisədə böyük pay təşkil etmədiyindən, daxili qiymət siyasətində qısamüddətli dəyişiklik gözlənilmir. Yanacaq ixracının genişlənməsi Azərbaycanın regionda enerji təchizatçısı kimi mövqeyini gücləndirə, ixrac gəlirlərinin artmasına və iqtisadi təsir imkanlarının genişlənməsinə xidmət edə bilər.

Qısaca desəm, bu addım həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyətli olmaqla, Cənubi Qafqazda əməkdaşlıq imkanlarının artdığını göstərən mühüm siqnal kimi dəyərləndirilir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə