“Sektor üzrə rentabellik göstəriciləri müsbət dinamikaya malikdir” - ATAXAN HƏSƏNOV

“Bank sektorunun aktivlərinin keyfiyyəti ilə bağlı aparılan təhlillər müəyyən risklərin mövcudluğunu göstərir”.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov mətbuat konfransında deyib.
Bu qiymətləndirmələr ümumilikdə sektorun dayanıqlılığına potensial təhdidlər formalaşdırır. Xüsusilə bir ildən az müddətli aktivlərin ümumi aktivlərdə payı 5 faiz bəndi artaraq 53%-ə yüksəlmişdir. Digər aktiv kateqoriyalarında isə dəyişiklik nisbətən sabit qalaraq təxminən 1% səviyyəsində olmuşdur.

Digər mühüm makroiqtisadi göstəricilərdən biri olan dedollarlaşma səviyyəsi, maliyyə sabitliyi və pul siyasətinin effektivliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Müşahidələr göstərir ki, dollarlaşma meyilləri davam etməkdədir və bu proses həm kredit portfelində, həm də ümumi maliyyə aktivlərində özünü göstərir. Bu vəziyyət bir tərəfdən manatın məzənnəsinin sabitliyinin qorunmasını, digər tərəfdən isə makroprudensial siyasət tədbirlərinin təsirini əks etdirir.

Bank sektorunun kreditləşmə fəaliyyəti təhlil edildikdə, aktiv artım tendensiyasının davam etdiyi müşahidə olunur. Kredit portfelinin bütün seqmentləri üzrə , həm korporativ, həm də pərakəndə kreditlər üzrə , artım qeydə alınmışdır. Nəticə etibarilə, illik kredit portfelinin artımı 9,4% təşkil etmişdir ki, bu da iqtisadi aktivliyin genişlənməsinə işarə edir.

Mənfəətlilik göstəricilərinə gəldikdə, bank sektorunda artım meyilləri davam etsə də, bu artım müəyyən struktur dəyişiklikləri ilə müşayiət olunur. İllik mənfəət təxminən 18.2% artmışdır. Faiz xərcləri və digər əməliyyat xərclərində artım müşahidə olunsa da, ümumi gəlirlilik nisbətən sabit qalmaqdadır.

Sektor üzrə rentabellik göstəriciləri də müsbət dinamikaya malikdir. Belə ki, aktivlərin gəlirliliyi (ROA) 2,1%, kapitalın gəlirliliyi (ROE) isə 13,2% təşkil etmişdir. 2025-ci ildə bank sektoru ümumilikdə təxminən 1.2 milyard manat xalis mənfəət əldə edib.

Bank sektorunda artım və inkişaf meyilləri müşahidə olunsa da, aktivlərin strukturunda mövcud olan dəyişikliklər və dollarlaşma tendensiyası müəyyən risklərin davam etdiyini göstərir. Bu proseslər 2024-cü ildən etibarən maliyyə sektorunda aparılan islahatların təsiri fonunda qiymətləndirilməlidir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə