ABŞ və İran arasındakı atəşkəs neft və qaz qiymətlərinə necə təsir edəcək? - İQTİSADÇI AÇIQLADI

“Hörmüz boğazındakı vəziyyət fonunda neftin qiymətlərində ciddi dəyişikliklər müşahidə olunur. İstənilən halda, müharibə başlamazdan əvvəlki qiymətlər bu il bərpa olunmayacaq. Yəni, müharibə başlamazdan əvvəl qiymətlər 60–65 dollar civarında idi. Bu il isə daha yüksək qiymətlər gözlənilir. Çünki artıq ilin əvvəlindən müharibə səbəbindən qiymətlər yüksəlmişdi və orta illik qiymət daha da artdı”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, eyni zamanda, neft infrastrukturuna da ziyan dəyib:

“Təkcə tankerlər deyil, neft emalı zavodları da vurulub. Həm tankerlər, həm də emal obyektləri zərər görüb.

Hətta Ukraynada da Rusiyanın neft tankerlərinə zərbələr endirilib, limanları dağıdılıb, neft emalı zavodları vurulub. Son bir-iki ayda bu istiqamətdə Rusiyaya ciddi ziyan dəyib. Amma əsas dəyişikliklər Hürmüz boğazı ilə bağlı olacaq.

Hazırda iki həftədir nisbi sakitlik və danışıqlar prosesi davam edir. Əgər danışıqlar müsbət nəticələnsə və Hürmüz boğazı tam açılsa, qiymətlər daha da düşəcək. Hazırda bazarda dalğalanma müşahidə olunur: bir gün düşür, digər gün artır.

Məsələn, bir gün qiymətlər 15–16% düşdüyü halda, növbəti gün 3–4% arta bilir. Amma sülhə dair gözləntilər artdıqca, qiymətlər aşağı düşəcək. Hazırda qiymətlər 95–100 dollar arasındadır və bu, 80 dolların altına enə bilər.

Ümumilikdə isə, bu il üçün qiymətlərin 70–80 dollar aralığında olacağı ehtimal edilir — əgər müharibə bitsə və Hürmüz boğazı açıq qalsa.

Əks halda, yəni müharibə yenidən şiddətlənsə və boğaz bağlansa, qiymətlər yenidən artaraq 120 dolların üzərinə çıxa və hətta 150 dollara yaxınlaşa bilər.

Yəni hazırda neftin qiyməti birbaşa olaraq müharibənin gedişindən, Hürmüz boğazının fəaliyyətindən və onun nə vaxt tam şəkildə açılacağından asılıdır.

İran Hürmüz boğazından müharibə şəraitində iqtisadi alət kimi istifadə edir və bu, kifayət qədər effektiv vasitədir. İranın əsas üstünlüyü də məhz bu boğaz üzərində nəzarətdir.

Çünki İranın hərbi gücü ilə ABŞ-yə birbaşa təsir imkanları məhduddur. ABŞ uzaqda yerləşir və onun hərbi bazaları regiondadır. İran isə coğrafi baxımdan üstün mövqedədir.

Bu səbəbdən İran üçün əsas təsir aləti Hürmüz boğazıdır. Əgər boğaz açıq qalsa və vəziyyət əvvəlki sabitliyə qayıtsa, qiymətlər 80 dollara qədər enə bilər.

Əksinə, gərginlik artsa, qiymətlər yenidən 120 dollar və daha yüksək səviyyələrə qalxa bilər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə