“ABŞ-İran gərginliyi neft qiymətləri və enerji təhlükəsizliyinə təsir edi” -EKSPERT DANIŞDI
“Mövcud şəraitdə ABŞ ilə İran arasında gərginliyin səviyyəsi neft bazarının uzunmüddətli qiymət dinamikasına birbaşa təsir göstərir. Əvvəlki illərlə müqayisədə qiymətlərin daha yüksək intervalda formalaşması ehtimalı artır. Hətta risklər qismən nəzarət altına alınsa belə, bazarda “risk primi” qalacaq və neftin bir barelinin 90–110 dollar civarında sabitləşməsi real görünür”.
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, münaqişə daha da dərinləşərsə, qiymətlər 120 dolları keçə və uzun müddət yüksək səviyyədə qala bilər:
”Bu isə qlobal miqyasda inflyasiyanın sürətlənməsinə, istehsal xərclərinin artmasına və xüsusilə enerji idxal edən ölkələrdə iqtisadi artımın zəifləməsinə səbəb olur. Nəticədə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə tələbin azalması və stagflyasiya riski güclənir.
Digər tərəfdən, Hörmüz Boğazı və Bab əl-Məndab boğazı kimi strateji əhəmiyyətə malik keçidlərin bağlanması ehtimalı dünya enerji təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Bu boğazlar qlobal neft və mayeləşdirilmiş qaz daşımalarının əsas marşrutlarıdır və onların fəaliyyətinin dayanması tədarük zəncirində ani fasilələrə səbəb ola bilər. Alternativ yollar mövcud olsa da, onların ötürmə imkanları məhduddur və daha baha başa gəlir. Belə bir vəziyyət yalnız enerji qiymətlərinin kəskin bahalaşmasına deyil, eyni zamanda logistika gecikmələrinə, sığorta xərclərinin artmasına və qlobal ticarətdə qeyri-müəyyənliyin dərinləşməsinə gətirib çıxarır. Uzunmüddətli perspektivdə ölkələr enerji mənbələrini və nəqliyyat marşrutlarını şaxələndirməyə çalışacaq, lakin bu proses qısa müddətdə yaranan sarsıntıları tam aradan qaldıra bilməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB