Dünyada ərzaq ucuzlaşdığı halda, bizdə qiymətlərin düşməməsinin əsas səbəbi nədir? - İQTİSADÇI AÇIQLADI
Dünya bazarında bəzi ərzaq məhsullarının qiyməti son aylarda ucuzlaşsa da, yerli bazarda vətəndaşlar hələ də əks mənzərə ilə qarşılaşırlar. BMT-nin hesabatlarına əsasən qlobal indekslər aşağı düşdüyü halda, ölkəmizdə yanacaq, logistika və gömrük xərclərinin artması qiymətlərin enməsinə mane olan əsas faktorlar sırasındadır. İdxal qiymətlərindəki artım və daxili xərclərin yüksəlməsi fonunda qlobal ucuzlaşmanın bizə nə zaman çatacağı isə hələ də qaranlıq qalır. Bəs, dünya bazarlarındakı bu müsbət tendensiya nə üçün bizim piştaxtalarda özünü büruzə vermir? Dünyada ərzaq ucuzlaşdığı halda, bizdə qiymətlərin düşməməsinin əsas səbəbi nədir?
Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, neftin dünya bazarı qiymətlərindəki artımlar praktik olaraq həm qlobal, həm də regional bazarda qiymət artımları ilə müşahidə olunmaqdadır və nəzərə alsaq ki, istehsalçı ölkələrdə enerji məhsullarının xərclərinin artması istehsal edilən məhsulların maya dəyərinə birbaşa təsir göstərir, təbii ki, bu da həm məhsulların maya dəyərində, xərclərində, eləcə də qiymətlərində artımlarla müşahidə olunur:
"Praktiki olaraq biz neftin dünya bazarı qiymətlərinin yüksək olduğu dövrlərdə idxal inflyasiyasının daha da aktivləşməsini və ölkəyə idxal olunan məhsulların qiymətlərində artımların baş verməsini müşahidə edirik. Bu baxımdan, təbii ki, neftin yüksək qiymətlərinin Azərbaycan bazarına təsirlərinin minimallaşdırılması üçün vacib məqamlardan biri qısa müddətli dövrdə bu təsirlərin azaldılması ilə bağlı addımların atılmasıdır.
Belə ki, əvvəlki dövrlərdə olduğu kimi və beynəlxalq praktikada tətbiq olunan təcrübəyə əsasən, əsas istehlak məhsulları üzrə idxalda əlavə dəyər vergisi üzrə müvəqqəti güzəştlərin verilməsi məqsədəuyğun olardı. Nəticə etibarilə, bu, idxal olunan, xüsusilə də daha çox idxal edilən ərzaq məhsullarının xərclərinin və qiymət artımının qarşısını almağa kömək edərdi.
Çünki vergi güzəştlərinin tətbiq edilməsi həmin məhsullar üzrə xərclərin azalmasına, nəticədə isə qiymət artımlarının qarşısının alınmasına və qiymətlərin optimallaşdırılmasına imkan yaradır.
Təbii ki, daha strateji yanaşma idxaldan asılılığın minimuma endirilməsi və yerli istehsalın artırılmasıdır. Amma qısa müddətli dövrdə qiymət artımlarının qarşısının alınması və idxal inflyasiyasının aktivləşməməsi üçün daha məqsədəuyğun addım məhz idxalda, xüsusilə də ərzaq məhsulları üzrə vergi güzəştlərinin tətbiq edilməsidir ki, bu da yüksək qiymətlərin Azərbaycan bazarına təsirlərini minimuma endirə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB