“Maliyyə bazarlarının inkişafı uzunmüddətli və ardıcıl siyasət tələb edir“ - EKSPERT DANIŞDI

“Mərkəzi Bankın pul-kredit siyasəti əsasən uçot dərəcəsi, açıq bazar əməliyyatları və likvidliyin idarə olunması vasitəsilə inflyasiyaya təsir göstərir”.

Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, sərt siyasət inflyasiya təzyiqlərini zəiflədə, qiymət artımının sürətini azalda bilər, lakin eyni zamanda kreditləri bahalaşdıraraq iqtisadi aktivliyi ləngidə bilir:

“Milli valyutanın sabitliyi baxımından isə bu siyasət mühüm rol oynayır: faizlərin artırılması və likvidliyin məhdudlaşdırılması manatın dəyərsizləşməsi risklərini azaldır, lakin xarici amillərin, xüsusilə idxal inflyasiyasının və neft qiymətlərinin təsiri qalmaqda davam edir. Maliyyə bazarlarının inkişafı isə daha çox uzunmüddətli və ardıcıl siyasət tələb edir. Təkcə monetar alətlər bazar dərinliyini və maliyyə vasitəçiliyini sürətlə artıra bilmir.

Real sektor üçün pul-kredit siyasətinin təsiri ikili xarakter daşıyır. Bir tərəfdən, makroiqtisadi sabitlik biznes üçün proqnozlaşdırıla bilən mühit yaradır, digər tərəfdən isə yüksək faizlər investisiyaları və istehsalın genişlənməsini məhdudlaşdıra bilər. Xüsusilə kiçik və orta biznes kredit resurslarına çıxışda çətinliklərlə üzləşir. Əhali üçün nəticələr əsasən qiymət sabitliyi və gəlirlərin alıcılıq qabiliyyəti ilə bağlıdır: inflyasiyanın nəzarətdə saxlanılması rifahı qoruyur, lakin bahalı kreditlər istehlakı zəiflədir və sosial yük yarada bilər.

AMB-nin atdığı addımlar inflyasiyanın kəskin sıçrayışlarının qarşısını almaq və makroiqtisadi sabitliyi qorumaq baxımından təqdirəlayiqdir, lakin hələlik yetərli deyil. Monetar siyasətin effektivliyi fiskal siyasət, struktur islahatları və rəqabətli biznes mühiti ilə tamamlanmadıqca real sektora və əhalinin rifahına təsiri məhdud qalır. Daha balanslı yanaşma həm qiymət sabitliyini, həm də davamlı iqtisadi artımı təmin etmək baxımından vacibdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə