Azərbaycanda ÜTT-yə üzvlük danışıqları və keyfiyyət infrastrukturunun gücləndirilməsi müzakirə olunub

Azərbaycanda Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqları və keyfiyyət infrastrukturunun gücləndirilməsi müzakirə olunub.

SİA bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qurumda "ÜTT-yə üzvlük danışıqları və ticarətlə bağlı fəaliyyətlər, keyfiyyət infrastrukturunun və rəqəmsal idarəetmə sisteminin gücləndirilməsi üzrə Azərbaycan Hökumətinə dəstək" texniki yardım layihəsi çərçivəsində görüş keçirilib.

Görüşdə Dövlət Agentliyinin nümayəndələri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin, Agentliyin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər.

Tədbirdə Agentlik sədrinin müşaviri İlqar Həsənov, İqtisadiyyat Nazirliyinin Ticarət və xarici investisiya şöbəsinin müdir müavini Gülçin Ələsgərova, keyfiyyət infrastrukturu və ticarətin asanlaşdırılması üzrə baş konsultant Daniela Klejanu, beynəlxalq ticarət və arbitraj üzrə konsultant Marius Bordalba çıxış ediblər. Çıxışlar zamanı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 36 aylıq icra müddətini əhatə edən texniki yardım layihəsinin məqsədləri və əhatə dairəsi barədə məlumat verilib.

Müzakirələrdə ticarət və investisiya siyasətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, keyfiyyət infrastrukturunun və rəqəmsal idarəetmə sistemlərinin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, ölkədə keyfiyyət infrastrukturunun mövcud vəziyyəti, bu sahədə həyata keçirilən islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəbul edilmiş standartlar və hazırlanmış texniki reqlament layihələri ÜTT tələblərinə uyğunluq baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda keyfiyyət ekosisteminin ÜTT tələblərinə tam uyğunlaşdırılmasının və beynəlxalq təcrübə əsasında daha da təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Müzakirələrdə layihənin başlanğıc mərhələsinin yekunlaşdırılaraq icra mərhələsinə keçilməsinin zəruriliyi qeyd olunub, bu istiqamətdə konkret fəaliyyətləri əhatə edən ətraflı iş planının hazırlanmasının önəmi diqqətə çatdırılıb.

Sonda layihə çərçivəsində birgə əməkdaşlığın davam etdirilməsi, qarşılıqlı fəaliyyətin mərhələli və real vaxt çərçivəsində icrası ilə bağlı razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə