Bakıda daha bir ünvanda işıqfor quraşdırılıb

Bakının Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi işıqforla nizamlanacaq.

SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, Yasamal rayonunda aparılan təhlillər nəticəsində müəyyən olunub ki, Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri hazırda Tbilisi prospektində yerləşən geriyədönmə sahəsindən istifadə edir.

Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək geriyədönmə edən nəqliyyat vasitələri hərəkət axınının sürətini əhəmiyyətli dərəcədə azaldır və həmin hissədə ciddi sıxlıqa səbəb olur.

Mövcud problemin aradan qaldırılması məqsədilə ərazidəki arakəsmə ləğv edilərək Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində birbaşa çıxış təmin ediləcək. Bununla da geriyədönmə manevrlərinə ehtiyac aradan qalxacaq və hərəkətin axıcılığı yüksələcək.

Layihə çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi işıqforla nizamlanacaq.

Eyni zamanda, piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə