“Azərbaycanda milli valyutanın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılıdır” - İQTİSADÇI AÇIQLADI

“Azərbaycanda milli valyutanın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Çünki Mərkəzi Bank praktiki olaraq həm məzənnə siyasətində, həm də pul krediti siyasətində aparıcı qurumdur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank açıqlamalarında da bildirib ki, həm tədiyyə balansındakı vəziyyət, ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də tədiyyə balansının saldosunun müsbət və ya mənfi olması kontekstindən konstitusiyanın qərarlarını qəbul edib:

”Əslində bizim qiymətləndirmələr göstərir ki, manatın məzənnəsinə təsir göstərən ən ciddi faktorlardan biri neftin bazar qiymətinin dəyişməsidir. Çünki həm də Mərkəzi Bankın bu istiqamətdəki davranışlarına və qərarlarına birbaşa təsir göstərən faktorlardan biridir. Çünki Azərbaycan ixracatının təxminən 80%-ni enerji məhsulları təşkil edir. Onun da əhəmiyyətli hissəsi neft məhsullarıdır. Ona görə də ölkəyə daxil olan valyuta həcmində neftin payı kifayət qədər böyükdür. Mərkəzi Bank hələlik manatın məzənnəsi ilə bağlı hər hansı bir təhdid görmədiyini bəyan edir. Təbii ki, 2026-cı ildə tədiyyə balansımızın vəziyyəti, neftin dünya bazarındakı dəyişikliklər valyuta bazarına təsir edən faktorlardan biri olacaq. Amma yenə də Mərkəzi Bankın mövqeyi bu il üçün də həlledici olaraq qalmaqdadır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə