“Bu yağlar düzgün istifadə edilmədikdə, orqanizm üçün ciddi risklər yaradır” - EKSPERT DANIŞDI

“Bir istehlakçı olaraq bu mövzuda illərdir eyni səhvi edirik. “Bitki mənşəlidir” deyib rahatlayırıq. Halbuki laboratoriya nəticələri tamam başqa şey danışır. Nəzərə alaq ki, bütün bitki yağları eyni deyil”. Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.
Onun sözlərinə görə , problem əsasən rafinə olunmuş, yüksək temperaturda işlənmiş və ucuz sənaye yağları ilə bağlıdır:

”Xüsusilə günəbaxan, qarğıdalı, soya, kanola kimi yağlar düzgün istifadə edilmədikdə orqanizm üçün ciddi risk yaradır.Bu yağlar çoxlu doymamış yağ turşuları daşıyır. Yüksək temperaturda qızartma zamanı onlar oksidləşir və aldehidlər, sərbəst radikallar, lipid peroksidləri yaradır. Bunlar hüceyrə zədələyici, xərçəng riskini artıran maddələrdir.

Sənaye bitki yağlarında yaranan oksidləşmiş məhsullar hormon balansını çaşdırır. Bu hal sonsuzluq riskinin artması, erkən yetkinlik, qalxanabənzər vəz problemləri ilə əlaqələndirilir.

Həmçinin uzun müddət bu yağlarla qidalanma bağırsaqdakı faydalı bakteriyaların balansını pozur. Nəticədə zəif immunitet, iltihab, psixoloji halsızlıq və diqqət pozuntuları baş verə bilər.

Uzun illər bu yağlar doymuş yağlara alternativ kimi təqdim edildi. Amma yeni tədqiqatlar göstərir ki, xroniki iltihabı artıraraq ürək-damar riskini azalda da bilməz, əksinə, artıra bilər.

Bitki yağlarından zeytun yağı çox faydalıdır. Aşağı-orta temperaturda bişirmə üçün uyğundur. Antioksidantlarla zəngindir və iltihab əleyhinə təsir göstərir. Kərə yağı yüksək temperaturda stabildir. Vitamin A, D, K2 mənbəyidir və hormonal sistem üçün daha uyğundur. Ən faydalı yağlardan biri də quyruq yağıdır. Yaxın keçmişə nəzər salsaq, görərik ki, mətbəximizdə istifadə olunub. Bu gün az da olsa istifadə edilir. Yüksək istiliyə davamlıdır.

Məsələ “bitki yağı pisdir” demək deyil. Əsas təhlükə sənaye üsulu ilə hazırlanmış, yüksək temperaturda istifadə olunan yağlardır. Ucuz yağla bişirdiyimiz yeməyin bədəlini illər sonra sağlamlığımızla ödəyirik”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə