Bazel III standartlarına uyğunlaşdırılmayanları nələr gözləyir ? - İQTİSADÇI AÇIQLADI

“Azərbaycan Mərkəzi Bankının bank sektorunda Bazel III standartlarına keçidlə bağlı qərarı maliyyə sisteminin dayanıqlılığını gücləndirmək baxımından son dərəcə düzgün və vaxtında atılmış addımdır. Bu yanaşma təkcə texniki tənzimləmə deyil, həm də bank sektorunun uzunmüddətli təhlükəsizliyini təmin edən strateji qərardır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bazel III tələbləri mahiyyət etibarilə banklara açıq mesaj verir ki, risk edirsənsə, bunun qarşılığında real, güclü və şəffaf kapitalın olmalıdır. Bu standartlar bankların formal balans göstəriciləri ilə deyil, faktiki maliyyə dayanıqlılığı ilə işləməsini tələb edir:

"Bankların əsas Bazel III deyir ki, kapitalının payı artırılmalı, yəni kapitalın böyük hissəsi real səhmdar vəsaiti və bölüşdürülməmiş mənfəətdən ibarət olmalıdır və banklar borclanma hesabına süni şəkildə böyüməməli, leverage ratio ilə həddindən artıq şişmənin qarşısı alınmalıdır. Banklar hər zaman likvid olmalı, 30 günlük stress ssenarisində belə öhdəliklərini yerinə yetirəcək qədər vəsaitə sahib olmalıdır. Uzunmüddətli kreditlər qısamüddətli pullarla maliyyələşdirilməməli, maliyyələşmə mənbələri sabit olmalıdır. Banklar mümkün böhranlara qarşı əlavə "kapital yastığı”, kapital bufəri (adını nə qoyursunuzsa,qoyun) saxlamalıdır. Kredit, bazar və əməliyyat riskləri daha sərt və real mexanizmlərlə hesablanmalıdır. Bu tələblər bank sistemini daha ehtiyatlı, daha şəffaf və daha davamlı edir.

Təqdirəlayiq haldır ki, Azərbaycan Mərkəzi Bankı bu prosesləri həyata keçirərkən balanslı və məsuliyyətli mövqe sərgiləyir. Qurum həm banklarla, həm vətəndaşlarla, həm də hökumət qurumları və ölkədə fəaliyyət göstərən müxtəlif iqtisadi və maliyyə ekspertləri ilə ardıcıl və sistemli iş aparır. Tez-tez keçirilən görüşlər, müzakirələr və məsləhətləşmələr göstərir ki, proses inzibati məcburiyyət formasında deyil, izah, koordinasiya və əməkdaşlıq müstəvisində reallaşdırılır.
Dünyada gedən mürəkkəb iqtisadi-siyasi proseslər, regional gərginliklər, maliyyə bazarlarında qeyri-sabitlik və qlobal risklərin artdığı bir şəraitdə Azərbaycan iqtisadiyyatının, onun mühüm dayaqlarından biri olan bank sektorunun qorunması xüsusi əhəmiyyət daşıyır. AMB-nin Bazel III standartlarını tətbiq etməsi məhz bu risklərə qarşı qabaqlayıcı və qoruyucu mexanizm rolunu oynayır. Qəbul edilən dəyişikliklər nəticəsində bank sektorunda təbii seleksiya prosesi baş verəcək, zəif kapitallı banklar ya əlavə kapital cəlb etməli, ya daha güclü banklarla birləşməli, ya da bazarı tərk etməli olacaqlar. Bu prosesin məqsədi bankların sayını azaltmaq deyil, sektorun keyfiyyətini, etibarlılığını və dayanıqlığını artırmaqdır. Azərbaycan Mərkəzi Bankının bu sahədə apardığı siyasət göstərir ki, əsas hədəf sağlam, şəffaf və beynəlxalq standartlara uyğun bank sisteminin formalaşdırılmasıdır. Şəffaf dialoq mühiti, mütəmadi görüşlər, ekspert rəylərinə açıq yanaşma və ictimaiyyətlə düzgün kommunikasiya bu islahatların uğurla reallaşmasının əsas təminatıdır. Nəticə etibarilə, Bazel III tələbləri bank sektorunu “daha çox kapital, daha az risk, daha yüksək etibar” prinsipi üzərində qurur. Bu isə həm əmanətçilərin vəsaitlərinin qorunmasına, həm də Azərbaycanın maliyyə sisteminin qlobal risklər fonunda daha stabil mövqedə saxlanılmasına xidmət edir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə