ABŞ Venesuela neftini bazara çıxararsa, neft və Azəri Light neftinin qiyməti ucuzlaşacaqmı? -ŞƏRH OLUNDU

“Venesuela təsbit olunmuş qlobal neft ehtiyatlarının 17,2 faizinə, yəni təxminən 304 milyard barelə sahib olmaqla dünyada birinci yeri tutur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, bu həcm qısa və orta müddətli perspektivdə dünya neft bazarına dərhal və ciddi təsir göstərəcək real amil kimi çıxış etmir:

”ABŞ-ın Venesuelaya mümkün siyasi və iqtisadi müdaxiləsi belə, ölkədə mövcud olan dərin struktur və texniki problemlər səbəbindən neftin sürətli şəkildə beynəlxalq bazarlara çıxarılmasını təmin etmək gücündə deyil. Hasilat quyularının böyük hissəsi köhnəlmiş, hasilat, daşınma və emal infrastrukturu isə uzunmüddətli baxımsızlıq nəticəsində potensialından xeyli aşağı səviyyədə fəaliyyət göstərir.

Venesuelanın əsas neft ehtiyatları Orinoko hövzəsində cəmləşib və burada çıxarılan xammal əsasən çox ağır, yüksək özlülüklü neft növünə aiddir. Bu neftin hasilatı, boru kəmərləri ilə daşınması və emalı texniki baxımdan mürəkkəb və maliyyə baxımından bahalıdır. Beynəlxalq bazarlara çıxış yalnız seyreltmə və qarışdırma yolu ilə mümkündür. Venesuela nefti adətən Brent markalı neftdən 12-15 ABŞ dolları ucuz satılır, sanksiyalar və geosiyasi risklərin artdığı dövrlərdə isə bu fərq 20 dollara qədər dərinləşir. Seyreltmə üçün zəruri olan nafta və yüngül neft çatışmazlığı isə hasilatın birbaşa azalmasına səbəb olan əsas məhdudlaşdırıcı faktorlardan biridir.

2025-ci ilin son göstəricilərinə əsasən, Venesuelanın gündəlik neft hasilatı təxminən 0,9 milyon barel səviyyəsində qiymətləndirilir. Texniki, maliyyə və institusional problemlərin mərhələli şəkildə aradan qaldırılması halında belə, 2026-cı ildə Venesuela neftinin qlobal bazara təsiri əsasən psixoloji və gözlənti amili səviyyəsində qalacaq. Real bazar təsirinin 2027-ci ildən etibarən, hasilatın 1,3-1,5 milyon barel/gün səviyyəsinə yaxınlaşması ilə hiss olunacağı ehtimal edilir. Bu artım neft qiymətlərində kəskin eniş yaratmasa da, qiymətlərin yuxarı həddinə 5-7 dollar intervalında aşağıyönlü təzyiq göstərə bilər.

Daha uzunmüddətli perspektivdə Venesuelada hasilatın 2 milyon barel-gün səviyyəsində sabitləşməsi ölkəni qlobal neft bazarında struktur faktoruna çevirə bilər. 3 milyon barel/gün və daha yüksək hasilat isə, xüsusilə OPEC tərəfindən tam kompensasiya olunmadığı təqdirdə, qlobal təklif balansına ciddi təsir göstərərək neftin uzunmüddətli qiymət tarazlığını aşağı çəkə bilər. Oxşar ssenarinin paralel şəkildə İran üçün də reallaşması isə qlobal neft bazarında oyun qaydalarını dəyişən fundamental amil kimi çıxış edər.

Bu kontekstdə Azərbaycan nefti xüsusi yer tutur. “Azəri Light” markalı neft yüksək keyfiyyət göstəricilərinə görə dünyanın ən bahalı neft markalarından biri hesab olunur və bu xüsusiyyət ona qlobal bazarda davamlı alıcı tələbi təmin edir. Venesuela neftinin bazara çıxışı ümumi qiymət səviyyəsinə müəyyən qədər mənfi təsir göstərsə də, bu təsirin 2026-cı ildə real ucuzlaşma formasında özünü göstərməsi gözlənilmir. Daha çox ehtimal olunan ssenari ondan ibarətdir ki, qiymətlərə təzyiq 2027-ci ildən sonra tədricən formalaşacaq və bu proses Azəri Light neftinə də dolayı təsir göstərəcək”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə