Müavinət və təqaüdlərin artması inflyasiyanın yüksəlməsinə səbəb ola bilər ? - İQTİSADÇI AÇIQLADI

"Əhali arasında belə bir anlayış var - "maaş və pensiyalar qaldırılan kimi ərzaqlar da bahalaşır". Bu, əslində belə deyil. İnflyasiya, bahalaşma onsuz da artaraq davam edir. Bunun maaşların artırılıb-artırılmaması ilə birbaşa əlaqəsi yoxdur. Yəni bizim iqtisadiyyatımız idxaldan asılıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bütün məhsulları idxal edirik:

"Ölkədə istehsal etdiyimiz məhsulların da xammalı və inqrediyentlərini xarici ölkələrdən gətiririk. Yəni məhsulun və xidmətin yekun qiymətinə onu yaradan xərclər təsir edir. Bu xərclər nə qədər yüksəkdirsə, yekun qiymət də bir o qədər yüksək olacaq.

Azərbaycanda da, məsələn, məhsulun daşınması, saxlanması, kommunal xidmətlər, lisenziya və icazələr, gömrük rüsumları kimi amillər məhsulun qiymətinə təsir edir. Əgər dünən 100 km məsafəyə daşınma 5 manata başa gəlirdisə, bu gün bu xərc artıbsa, bu, məhsulun qiymətinə təsir edəcək. Saxlanma, kommunal xidmətlərin bahalaşması da eyni şəkildə qiymətə təsir edir.

Digər tərəfdən, dövlət maaş və pensiyaları artırmağa çalışır, lakin bir çox hallarda inflyasiyaya çatdıra bilmir. Məsələn, inflyasiya 20-30% olduğu halda maaşlar yalnız 10-12% artırılır. Bu zaman real bahalaşma vətəndaşlar tərəfindən daha çox hiss olunur. Bu prosesi ayrı-ayrı prizmalardan qiymətləndirmək lazımdır. Onsuz da iqtisadi proseslər məhsullarda inflyasiya və bahalaşmanı labüd edir. Sadəcə, nə etməliyik? Yerli istehsalı artırmalı, vergi qanunvericiliyində dəyişikliklər etməli, kommunal və yanacaq tariflərini aşağı salmalı, istehsalı stimullaşdırmalı və subsidiya sistemini gücləndirməliyik ki, bahalaşmanın qarşısını ala bilək.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə