2027-2029-cu illərdə Sumqayıt şəhərində yeni tullantı sutəmizləyici qurğunun tikintisi planlaşdırılır.
SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, proqram çərçivəsində ilkin olaraq layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə ekspertiza rəyinin alınması, daha sonra tikinti işlərinə başlanılması və plan üzrə işlərin 40 %-nin icrası, son nəticədə isə məhsuldarlığı 100 min kubmetr/gün olan yeni qurğunun tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. İşlərin əsas icraçısı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.
Xatırladaq ki, Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Dövlət Proqramı 2026-2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək. 2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. Bu çərçivədə mövcud infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, "ağıllı su şəbəkələri"nin qurulması və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Bu mərhələdə, mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastruktur yaradılacaq, eləcə də su şəbəkələrində itkilərin aşkarlanması və azaldılması üçün tədbirlər görüləcək. 2031-2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək. Bu məqsədlə mövcud su təchizatı və kanalizasiya şəbəkələri daha da genişləndiriləcək, yağış sularının təkrar istifadəsi üçün yeni layihələr həyata keçiriləcək və ətraf mühitin qorunması istiqamətində tədbirlər görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB