Azərbaycanda kitab və digər nəşrlər üçün yeni dövlət standartı qəbul oluna bilər
Azərbaycanda "Sənədləşdirmə: Kitab və digər nəşrlərdə cildin kötük hissəsindəki başlıqların tərtibatı" dövlət standartının qəbul olunması gözlənilir. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.
Bildirilib ki, "İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) növbəti iclası keçirilib. Tədbirdə AZSTAND/TK 52-nin sədri, "Elm" nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov AZS ISO 3297:20 "Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)" və AZS ISO 6357:2025 "Sənədləşdirmə: Kitab və digər nəşrlərdə cildin kötük hissəsindəki başlıqların tərtibatı" standartları barədə ətraflı məlumat verib.
O bildirib ki, yeni dövlət standartlarının tətbiqi elmi kommunikasiya sisteminin səmərəliliyini artırmaqla yanaşı, kitabxanalar, elmi informasiya mərkəzləri, nəşriyyatlar və indeksləmə bazaları arasında məlumat mübadiləsini asanlaşdıracaq. Həmçinin bu standartlar Azərbaycan nəşrlərinin beynəlxalq informasiya məkanında tanınmasını genişləndirərək nəşriyyat və kitabxana sahəsində vahid normativ yanaşmanın formalaşmasına töhfə verəcək.
Geniş müzakirələrdən sonra AZS ISO 3297:20 və AZS ISO 6357:2025 standartlarının qəbul olunması üçün AZSTAND-a təqdim edilməsi barədə yekdilliklə qərar qəbul edilib.
Bununla yanaşı, iclasda komitənin nəzdində Muzeylərin fəaliyyət göstəriciləri və idarəetmə prinsipləri üzrə işçi qrupunun (AZSTAND/TK 52 / İQ-3) yaradılması da müzakirə olunub. İşçi qrupunun fəaliyyət istiqamətləri və əsas istinad standartları barədə məlumat verilib.
Eyni zamanda, AZSTAND tərəfindən təsdiqlənmiş "2026–2028-ci illər üzrə milli standartlaşdırma proqramı" çərçivəsində qarşıdakı üç il ərzində həyata keçiriləcək tədbirlər və komitənin fəaliyyət istiqamətlərinə dair monoqrafiyaların hazırlanması ilə bağlı qərarlar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB