Kərə yağının qiymət artımı nə qədər davam edəcək ? - İQTİSADÇI AÇIQLADI

Azərbaycanda kərə yağı yenidən bahalaşa bilər. Yanvarın 1-dən etibarən məhsulun idxal rüsumu 5 faizdən 15 faizə qaldırılıb və bu qərarın qiymətlərə təsiri qaçılmaz sayılır. Hazırda 25 manata satılan kərə yağının yaxın aylarda 29-30 manata qədər bahalaşacağı ehtimal olunur. Bəs, bu artım nə qədər davam edəcək?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, yağ idxalında 2017-ci ilə qədər 15 faiz gömrük rüsumu var idi, amma sonradan yağ qiymətlərinin əlverişli olması üçün hökumət bu 15 faizi 5 faizə qədər endirdi və bunu müəyyən müddətlər ərzində tətbiq etdi:

"Hazırda 2026-cı ildən güzəştin uzadılmamasına dair məlumat yoxdur. Əgər güzəşt uzadılmasa, bu o deməkdir ki, sahibkar idxal edərkən yağa görə ödəyəcəyi 5 faizlik gömrük rüsumu artıq 15 faiz olacaq. Yəni əgər bir məhsul ölkəyə müəyyən qiymətə idxal olunursa, bu rüsum da həmin qiymətin üzərinə gələcək.

Hazırda qiymət artımı baş verəcəksə, əsas səbəb hökumətin bu rüsum güzəştini davam etdirməməsi olacaq. Rüsum artdığına görə qiymətlərin də artması qaçılmazdır. Burada bir neçə məqam var: idxal zamanı toptan satış qiymətlərinə rüsum tətbiq olunduğuna görə bu, ümumi satış qiymətini 15 faiz artırmayacaq, sadəcə toptan satış qiymətində 10 faizlik artım müşahidə ediləcək. Əgər 12-13 manata bir kiloqram yağ idxal olunursa, bu zaman əlavə 1 manat 20 qəpik - 1 manat 30 qəpik civarında qiymət artımından söhbət gedə bilər. Bu da yağın pərakəndə satış qiymətinin, yəni 20-25 manat arasında dəyişən qiymətin, təxminən 5 faiz artması deməkdir. Rüsum dövlət tərəfindən yığılır, Gömrük Komitəsi vasitəsilə büdcəyə daxil olur. Bu rüsumun tətbiqində əsas məqsədlərdən biri fiskal məqsəd ola bilər – yəni yağ istehlakı zamanı vətəndaşın büdcəyə daha çox vəsait ödəməsi. Azərbaycanda daxili istehsal ölkə əhalisinin yağ tələbatını ödəmək üçün kifayət deyil. Heyvandarlıq sektoru o səviyyədə inkişaf etməyib ki, yerli süd və ondan hazırlanan məhsullarla bütün tələbat ödənə bilsin. Buna görə də yağ məhsullarında idxaldan asılılıq mövcuddur.

Beynəlxalq təcrübəyə əsasən xarici ölkələr bu sahədə daha irəlidədirlər. Onlar bu işi uzun illərdir effektiv şəkildə həyata keçirirlər və buna görə də yağ istehsalını yüksək səviyyədə təşkil edə bilirlər. Azərbaycanda da müəyyən qədər yerli yağ istehsalı mövcuddur, amma bu tələbatı tam ödəmir, buna görə də əlavə yağ məhsulları xaricdən idxal olunur".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə