Piyadaların təhlükəsizliyi üzrə yeni dövlət standartı qəbul ediləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 43) növbəti onlayn iclası keçirilib.

AZSTAND-dan SİA-ya bildirilib ki, iclasda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Limanının nümayəndələri iştirak ediblər.

İclasda AZSTAND/TK 43-ün 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq işlənib hazırlanmış AZS 993 “Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər” dövlət standartı layihəsi müzakirə edilib. Sözügedən standartın qəbulu məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 43) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində yaradılıb. AZSTAND/TK 43 nəqliyyat və nəqliyyat infrastrukturuna dair minimum təhlükəsizlik və keyfiyyət tələblərinin formalaşdırılması, gəmiqayırma, aviasiya, dəmiryol üzrə standartlaşdırmanın müasir tələblərə uyğunlaşdırılması, həmçinin sahə üzrə uyğunluğun qiymətləndirilməsi prosedurunun həyata keçirilməsində normativ sənədlər bazasının yaradılması məqsədilə təsis edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə