"Kamera var deyə yox, qayda var deyə əməl et" - EKSPERT DANIŞDI

"Kameraların çoxaldılması həm intizam yaradır, həm də cərimə mexanizminə çevrilir. Məsələ ondadır ki, belə çıxır: kamera olmayan ərazidə sürücü inzibati xəta törədə bilər, amma fiksator, kamera və ya digər mexaniki nəzarət cihazı olduğu halda, tam qaydalara uyğun şəkildə nəqliyyat vasitəsini idarə edir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Rövşən Həsənov deyib.

O bildirib ki, bu yanaşma düzgün deyil. Kamera olsun və ya olmasın, nəqliyyat vasitəsi daim qaydalara uyğun idarə edilməlidir: "Bu, yalnız sürücülərə deyil, yol hərəkətinin bütün iştirakçılarına, o cümlədən piyadalara da aiddir.

Təbii ki, istisna hallar da olur. Məsələn, elə hallar olur ki, yolu tənzimləyən Dövlət Yol Polisi əməkdaşı müəyyən bir qərar verir. Bu zaman kameralar həmin tənzimləməni nəzərə almadan cərimə göndərə bilər. Məsələn, sizə bildirilə bilər ki, filan tarixdə filan ərazidə avtobus zolağına daxil olmusunuz. Halbuki bu, yol polisi əməkdaşının göstərişi ilə olub və məqsəd də sıxlığın və tıxacın aradan qaldırılmasıdır.

Belə hallarla qarşılaşdıqda sürücülər mütləq elektron vasitələrlə aidiyyəti quruma müraciət etməli, iradlarını bildirməlidirlər. Əgər nəqliyyat vasitəsində videoqeydiyyatçı mövcuddursa, həmin görüntüləri göndərərək izahat verməli və haqsız cərimənin ləğv edilməsini tələb etməlidirlər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə