"Yanacağın bahalaşması ümumi qiymət artımını sürətləndirir" - İQTİSADÇI AÇIQLADI
"Yanacaq o məsul növlərdəndir ki, onun qiymətinin artırılması bütün mal və xidmətlərdə bu və ya digər şəkildə, az və ya çox dərəcədə öz təsirini göstərir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, ilk növbədə nəzərə almaq lazımdır ki, bu məhsullar üzrə qiymətin artırılması ailə təsərrüfatlarının illik xərclərinin təxminən 250 milyon manat artması ilə nəticələnəcəkdir: "Yəni təxminən hazırda bu məqsədlə Azərbaycan vətəndaşları il ərzində 3,4-3,5 milyard manat xərcləyirsə, növbəti ildə bu göstərici 3,7-3,8 milyard manata yüksələcəkdir. Təxminən ümumi istehlakın 6-6,6 faizi xərclər məhz yanacağın alışı məqsədilə yönələcəkdir. Bu isə özlüyündə ailə büdcəsi xərclərinin artması və alıcılıq gücünün zəifləməsi istiqamətində təzyiq formalaşdıracaqdır.
Amma bununla yanaşı, bütövlükdə götürəndə, xüsusilə də kənd təsərrüfatı və nəqliyyat sahəsində məhsulların və xidmətlərin maya dəyərinin formalaşmasında yanacağın ciddi paya malik olduğunu nəzərə alsaq, bu o deməkdir ki, qəbul edilən qərarlar nəticəsində müvafiq istiqamətlərdə xərclər artacaq və dolayısı ilə orta müddətli dövrdə bu artan xərclər son istifadəçi qiymətlərinə ötürüləcəkdir, yəni bazarda qiymət artımına gətirib çıxaracaqdır.
Həm nəqliyyat xidmətləri üzrə, həm də kənd təsərrüfatı məhsullarının qiymətləri artacaqdır. Təbii ki, paralel olaraq digər bütün sahələrdə - xidmət sahələrində, turizm xidmətlərinin təşkili, iaşə xidmətləri, o cümlədən yerləşmə və səyahətin təşkili xidmətləri üzrə də xərclər artacaqdır. Pərakəndə ticarətin təşkili sahəsində, xüsusilə də distribusiya xidmətləri üzrə xərclər artacaqdır ki, bu da mərhələli şəkildə istehlak qiymətlərinə ötürüləcəkdir.
Bütövlükdə götürsək, 2026-cı il üçün Mərkəzi Bank tərəfindən 5,7 faiz qiymət artımı proqnozlaşdırılır. Düşünürəm ki, yanacağın qiymətinin artırılması bu istiqamətdə inflyasiya gözləntilərinin yuxarıya doğru revizə edilməsinə gətirib çıxaracaqdır. Yanacağın qiymətinin artırılmasının digər əsas təsiri isə ondadır ki, bu faktor bazarda psixoloji baryer kimi qiymətləndirilir. Əgər bu istiqamətdə qərar qəbul olunursa, bazarın digər iştirakçıları tərəfindən inflyasiya və qiymət artımı gözləntiləri artır. Nəticədə bütün bazar iştirakçıları - təchizatçılar və istehsalçılar - qiymətləri daha rahat şəkildə artıra bilirlər. Bu da bazarda görünməyən psixoloji təzyiq faktorudur və onu da nəzərə almaq lazımdır. Yəni istənilən halda bu qərar 2026-cı ildə ciddi şəkildə inflyasiya təzyiqləri formalaşdıracaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB