İstehlak kreditlərinin artması gələcəkdə hansı iqtisadi problemlərə yol aça bilər ? - EKSPERT DANIŞDI

""Cəmiyyət artıq kreditlə yaşayır" fikri Azərbaycana aid deyil və belə bir vəziyyətin mövcud olduğunu demək düzgün olmaz". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

O bildirib ki, Azərbaycanda vətəndaşların böyük əksəriyyəti gündəlik həyatını kreditlərə əsaslanaraq qurmur: "Ümumilikdə, ölkədə kreditləşmənin səviyyəsi aşağıdır və həm fiziki şəxslərin, həm də ümumi iqtisadiyyatın kredit yükü yüksək deyil.

Mərkəzi Bankın ciddi tənzimləmələri bu vəziyyəti təmin edir. Məsələn, vətəndaşın aylıq gəlirinin 45 faizindən çoxu kredit ödənişlərinə sərf edilə bilməz. Bu, insanların borc yükünün onların maliyyə imkanlarını aşmamasını təmin edən bir mexanizmdir.

Bundan əlavə, bu ilin ortalarında qüvvəyə minən yeni bir tənzimləmə ilə vətəndaşların kredit kartı limitləri onların rəsmi gəlirinin beş qatını keçə bilməz. Bu da o deməkdir ki, həm nəzarət, həm də tənzimləmə mexanizmləri gücləndirilib və borclanmanın həddindən artıq artmasının qarşısı alınır.

Qonşu ölkələrlə müqayisə aparsaq, Azərbaycanda kreditlərin ÜDM-ə nisbəti bəzi qonşu dövlətlərlə müqayisədə təxminən iki dəfə aşağıdır. Bu, ölkədə kreditləşmənin hələ də nisbətən məhdud olduğunu göstərir. Beləliklə, cəmiyyətdə tez-tez səsləndirilən "camaat kreditlə yaşayır" fikri reallığı əks etdirmir. Həm ümumi iqtisadi səviyyədə, həm də fərdi vətəndaşlar səviyyəsində kredit yükü yüksək sayılmaz və idarəolunan həddədir.

Bu göstəricilər, həm vətəndaşların maliyyə dayanıqlığını qorumağa, həm də ölkədə borclanmanın sağlam və tənzimlənən səviyyədə saxlanmasına xidmət edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə