“Regionlarda iş yerlərinin azlığı daxili miqrasiyanı sürətləndirir” - ŞƏRH ETDİ

"Regionlarda dayanıqlı və müxtəlif iş yerlərinin məhdudluğu, təbii ki, daxili miqrasiyanı sürətləndirən əsas iqtisadi amillərdən biridir. İnsanlar iqtisadi fəallıqlarını artırmaq, gəlirlərini yüksəltmək və həyat səviyyələrini yaxşılaşdırmaq məqsədilə daha çox imkan təklif edən şəhərlərə və iqtisadi mərkəzlərə üz tuturlar". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bu prosesin sürətlənməsində bir neçə iqtisadi mexanizm rol oynayır: "Əmək bazarında təklif və tələb prinsipləri işə düşür. Regionlarda məhdud iş imkanları səbəbindən işçilərin maaş səviyyəsi aşağı qalır, peşəkar bacarıqlara uyğun iş yerləri isə məhduddur. Nəticədə, xüsusilə gənclər və ixtisaslı mütəxəssislər daha yüksək əmək haqqı və karyera imkanları təklif edən şəhərlərə köç edirlər. Sərmayələrin bölgələr arasında qeyri-bərabər paylanması daxili miqrasiyanı gücləndirir. Şəhərlərdə infrastruktur, təhsil, səhiyyə və biznes imkanlarının daha yüksək olması kapitalın və innovasiyaların şəhərlərə cəlb olunmasına səbəb olur. Bu da regionlarda iş yerlərinin azalmasına, eləcə də iqtisadi potensialın zəifləməsinə gətirib çıxarır. Sosial xidmətlərin mərkəzləşməsi və regionlarda iş imkanlarının məhdudluğu, ailələrin və fərdlərin uzunmüddətli yaşayış qərarlarına təsir edir. İnsanlar yalnız iş üçün deyil, eyni zamanda təhsil, səhiyyə və mədəni imkanlara çıxış üçün də şəhərlərə köçürlər.

Bu prosesin uzunmüddətli perspektivdə həm regionlar, həm də iri şəhərlər üçün bir sıra real riskləri vardır. Regionlarda iqtisadi fəallığın zəifləməsi və əhalinin azalması, sosial infrastrukturun boşa çıxması və yerli bazarın daralması ilə nəticələnir. Bu isə kənd təsərrüfatı, kiçik və orta biznes sahələrinin zəifləməsinə, vergi bazasının daralmasına və ümumilikdə regional sosial-iqtisadi inkişafın ləngiməsinə gətirib çıxarır. Digər tərəfdən, iri şəhərlərdə daxili miqrasiyanın sürətlənməsi əmək bazarında gərginlik yaradır. İşsizliyin artması, mənzil bazarında qiymətlərin yüksəlməsi, ictimai xidmətlərdə sıxlıq və nəqliyyat infrastrukturunda yüklənmə kimi problemlər ortaya çıxır. Eyni zamanda, sosial bərabərsizliyin artması və şəhərlərin idarə olunmasında çətinliklər yarana bilər. Daxili miqrasiyanın iqtisadi mexanizmləri ilə sürətlənməsi həm regionların, həm də şəhərlərin sosial-iqtisadi inkişafına kompleks təsir göstərir. Bu səbəbdən dövlət siyasətində regional inkişafın balanslaşdırılması, investisiyaların bölgələrə yönəldilməsi, yerli iş yerlərinin yaradılması və sosial infrastrukturun gücləndirilməsi prioritet olmalıdır. Belə yanaşma həm daxili miqrasiyanın mənfi təsirlərini azaldar, həm də ölkənin ümumi sosial-iqtisadi dayanıqlığını təmin edər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə