“Güclü iqtisadiyyat siyasi sabitliyin möhkəmlənməsində əsas rol oynayır” - EKSPERT DANIŞDI

”İqtisadi güc dövlətin dayanıqlı inkişaf strategiyasının fundamental sütunlarından biri kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, möhkəm iqtisadi baza formalaşmadan sosial rifahın yüksəldilməsi, eləcə də uzunmüddətli inkişaf hədəflərinin reallaşdırılması mümkün deyil:

“Məhz iqtisadi imkanların genişliyi dövlətə təhsil, səhiyyə, infrastrukturun yenilənməsi və sosial müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü investisiyalar həyata keçirməyə şərait yaradır.

Eyni zamanda, güclü iqtisadiyyat siyasi sabitliyin möhkəmlənməsində həlledici amil kimi çıxış edir, milli təhlükəsizliyin təmin olunmasına töhfə verir və ölkənin beynəlxalq münasibətlər sistemində mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Dayanıqlı iqtisadi inkişaf anlayışı isə təkcə cari iqtisadi artımı deyil, həm də resurslardan səmərəli istifadəni, rəqabətqabiliyyətli istehsalın formalaşdırılmasını və gələcək nəsillərin maraqlarının qorunmasını ehtiva edir.

Bu kontekstdə iqtisadi güc yalnız maddi rifah göstəricisi kimi deyil, eyni zamanda dövlətin müstəqilliyinin qorunması və gələcək inkişafının etibarlı təminatı kimi dəyərləndirilməlidir”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə