Gələn il iqtisadi sahədə hansı yeniliklər olacaq? - İQTİSADÇI AÇIQLADI

“Növbəti il qlobal iqtisadiyyatda təlatümlərin artacağı gözlənilir. Bir tərəfdən, ticarət məhdudiyyətlərinin və maliyyə risklərinin qlobal iqtisadi artıma mənfi təsiri müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, digər tərəfdən, strateji məhsulların qiymətləri yüksək olaraq qalır və bu da qlobal ticarətə mənfi təsir göstərən əsas amillərdən birinə çevrilir:

“Bunun fonunda, Azərbaycan iqtisadiyyatının 2026-cı ildə həm xarici neqativ təsirlərin minimuma endirilməsi, həm də daxili iqtisadi inkişafın davam etdirilməsi istiqamətində tədbirləri davam edəcək. Gözlənilir ki, gələn il Azərbaycan iqtisadiyyatı 3%-ə yaxın artım göstərəcək.

Eyni zamanda, bir sıra yeni layihələrin icrası və vergi qanunvericiliyində dəyişikliklər nəzərdə tutulur. Vergi Məcəlləsinə edilən dəyişikliklər mikro sahibkarlıq üçün yeni imkanlar yaradacaq. Sadələşdirilmiş vergi dövriyyəsi limiti 200 min manatdan 400 min manata artırılıb. Müxtəlif sektorlarda 10 il müddətinə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur.

Bütün bu tədbirlər göstərir ki, növbəti ildə Azərbaycan iqtisadiyyatına dövlət dəstəyi və təşviq mexanizmləri daha da genişlənəcək. Qlobal və regional iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2026-cı ildə də artım tempini qoruyub saxlayacaq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə