Yeni ildə Azərbaycan manatının dollara qarşı məzənnəsi, proqnozlar? - EKSPERT
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026- 2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülmüşdür. Başqa sözlə, hökumət hazırkı şərtlərdən çıxış edərək 2029-cu ilin sonunadək devalvasiya nəzərdə tutmur.
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli SİA-ya fikirlərini bölüşüb:
“Yeni il ərəfəsində aparılan iqtisadi qiymətləndirmələr göstərir ki, Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsinin dəyişməz qalacağı və mövcud səviyyədə saxlanılacağı gözlənilir. Beynəlxalq reytinq agentliklərinin və rəsmi iqtisadi qurumların proqnozlarına əsasən, yaxın dövrdə 1 ABŞ dollarının 1,7 Azərbaycan manatı ətrafında formalaşması ehtimalı yüksəkdir.
Manatın məzənnə sabitliyi əsasən Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi valyuta siyasəti, ölkənin kifayət qədər valyuta ehtiyatlarına malik olması, eləcə də neft sektorundan əldə edilən gəlirlərlə şərtlənir. Bu amillər milli valyutanın xarici təsirlərə qarşı davamlılığını təmin edən əsas dayaqlar kimi çıxış edir.
Eyni zamanda, qlobal maliyyə bazarlarında kəskin dalğalanmaların baş verməməsi və dünya neft qiymətlərində ciddi azalmaların müşahidə olunmaması şəraitində yaxın perspektivdə manatın dəyərində kəskin dəyişiklik və ya devalvasiya riskinin aşağı səviyyədə qalacağı proqnozlaşdırılır. Mövcud makroiqtisadi balansın qorunması valyuta bazarında nisbi sabitliyin davam etməsinə imkan yaradır”.
Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB