"Regionlarda iqtisadi imkanların artması kənddən şəhərə miqrasiyanı zəiflədir" - ŞƏRH EDİLDİ

"Son illər kənddən şəhərə miqrasiyanın zəifləməsi iqtisadi strukturlarda baş verən dəyişikliklərlə sıx bağlıdır. Bu prosesin əsas səbəblərindən biri regionlarda iqtisadi imkanların nisbətən genişlənməsidir. Kənd təsərrüfatında dövlət dəstəyi mexanizmlərinin tətbiqi, subsidiya və güzəştli kreditlərin verilməsi kənd əhalisinin öz yaşayış yerlərində gəlir əldə etməsinə imkan yaradıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı alim Altay İsmayılov deyib.

Onun sözlərinə görə, digər mühüm amil şəhərlərdə həyat xərclərinin artmasıdır: "Mənzil qiymətlərinin yüksəlməsi, kirayə bazarının bahalaşması və gündəlik istehlak xərcləri şəhərə köçü iqtisadi baxımdan daha riskli edir. Bu şəraitdə kənddə yaşamaq və işləmək daha aşağı xərclə nisbi iqtisadi sabitlik təmin edə bilir. Nəticədə miqrasiya qərarları əvvəlki dövrlərlə müqayisədə daha rasional iqtisadi hesablamalar üzərində qurulur. Mədəni və sosial amillər də iqtisadi qərarlara təsir göstərir. İnsanların ailə təsərrüfatına, torpağa və yerli icmalara bağlılığı gəlir mənbələrinin diversifikasiyası ilə birlikdə kənddə qalmağı stimullaşdırır. Eyni zamanda, regionlarda xidmət sektorunun tədricən inkişaf etməsi – ticarət, logistika, turizm və kiçik istehsal sahələrinin yaranması məşğulluq imkanlarını artırır.

Bu tendensiya regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərə bilər. Əhalinin kəndlərdə qalması yerli bazarların canlanmasına, əmək resurslarının balanslı bölgüsünə və infrastruktur investisiyalarının səmərəliliyinin artmasına şərait yaradır. Lakin bu proses davamlı olsun deyə regionlarda məhsuldarlığın artırılması, qeyri-kənd təsərrüfatı sahələrinin inkişafı və insan kapitalına investisiyalar vacibdir. Ümumilikdə, kənddən şəhərə miqrasiyanın zəifləməsi iqtisadi baxımdan regionların potensialının daha səmərəli istifadəsi üçün yeni imkanlar açır və düzgün iqtisadi siyasət fonunda uzunmüddətli dayanıqlı inkişafa töhfə verə bilər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə