"Xarici turistlər Azərbaycana əsasən Bakı üzərindən daxil olurlar" - TURİZM EKSPERTİ

"Xarici turistlər Azərbaycana səfər edəndə məcburən Bakı şəhərini seçirlər. Çünki Beynəlxalq Hava Limanı Bakı şəhərində yerləşir və Azərbaycana daxil olan uçuşların demək olar ki, 99 faizi məhz Bakı üzərindən həyata keçirilir. Bu səbəbdən turistlər ilk olaraq Bakıya gəlirlər və tur proqramları da buradan başlayır". Bunu SİA-ya açıqlamasında turizm eksperti Cəfər Qarayev deyib.

Onun sözlərinə görə, daha sonra müxtəlif marşrutlarla — şimal, şimal-qərb və qərb istiqamətləri üzrə səyahət edirlər: "Əgər turistlər 2–3 gecəlik səfər edirlərsə, Bakıdan kənara çıxmağa vaxtları olmur. Amma 4–5 və ya 7 gecəlik tur paketlərində artıq regionlara da səfərlər və gecələmələr nəzərdə tutulur. Təbii ki, bölgələrdəki infrastruktur ildən-ilə inkişaf edir.

Xüsusilə də qış turizmini vurğulamaq istərdim. Bildiyiniz kimi, qarşıdan qış turizm mövsümü gəlir. Bu baxımdan şimal zonasında, Qusar rayonunda yerləşən Şahdağ Turizm Kompleksi və şimal-qərb bölgəsində, Qəbələ rayonunda yerləşən Tufandağ Qış-Yay Turizm Kompleksi ön plana çıxır. Hər iki məkanda kanat xətləri və xizək yolları mövcuddur. Azərbaycana gələn əcnəbi turistlərin əksəriyyəti bu iki turizm məkanından birini seçir. Ən azı həmin yerlərə günübirlik səfərlər edirlər və ya qalaraq mövcud imkanlardan, attraksion və əyləncələrdən istifadə edirlər.

Əgər birbaşa regionlarda turizmin inkişafından bəhs ediriksə, birmənalı olaraq bölgələrdə yerləşən hava limanlarını — xüsusilə Qəbələ şəhərində yerləşən Qəbələ Hava Limanını, Gəncə şəhərində yerləşən Gəncə Beynəlxalq Hava Limanını və digər beynəlxalq status almış hava limanlarımızı qeyd edə bilərik. Bu hava limanlarına aşağıbüdcəli hava yollarının cəlb olunması və birbaşa uçuşların həyata keçirilməsi bölgələrdə turizmin inkişafına birbaşa töhfə verəcəkdir.

Burada bir qədər də genişləndirərək quru sərhədlərin açılmasından danışmaq istərdim. Əgər quru sərhədlər açılsa, ölkəyə giriş artıq birbaşa regionlardan, bölgələrdən başlayacaq və Bakı ilə yekunlaşacaq. Yəni turist təyyarə ilə gəlmədikdə, quru yolu ilə daxil olaraq səfərini bölgələrdən başlayıb Bakıya qədər davam etdirəcək, daha sonra isə ya yenidən quru sərhədlərindən çıxacaq, ya da Bakıdan təyyarə ilə ölkəsinə qayıdacaq. Ola bilər ki, turist üçüncü ölkədən gəlsin və birbaşa öz ölkəsinə deyil, başqa istiqamətə yollansın. Bu amil regionlara böyük töhfə verəcək və turizmə ciddi dəstək göstərəcək.

Təbii ki, burada əsas və həlledici amillərdən biri bölgələrdə mövcud infrastrukturun qurulması və ya mövcud olanın yenilənərək müasir və beynəlxalq standartlara cavab verməsidir. Buna yaşayış obyektləri, mehmanxanalar və mehmanxana tipli obyektlər, attraksionlar, əyləncə mərkəzləri, eləcə də yol infrastrukturu daxildir. Bütün bunların turizmin inkişafında mühüm təsiri və rolu var.

Bu tendensiya artmaqda və inkişaf etməkdədir. Bununla yanaşı, ənənəvi turizm marşrutları ilə bərabər, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə də artıq yerli turistlər tərəfindən kifayət qədər maraq və tələb müşahidə olunur. Xarici turistlər də bu istiqamətdə sorğular verməyə və səfərlər etməyə başlayıblar".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə