Bankların əlavə xidmət haqlarını müştəri razılığı olmadan tutması qanunidir? - İQTİSADÇI AÇIQLADI
Bəzi banklar müştərinin kartından, işsiz qalması halında kredit öhdəliyini qarşılamaq məqsədilə əlavə sığorta ödənişləri və s. xidmət haqları tutur. Bu ödənişlər bir çox müştəri tərəfindən narazılıqla qarşılanır, çünki ödənişlərin məcburi olub-olmaması, tutma qaydaları və geri qaytarılma imkanları barədə kifayət qədər məlumat olmur. Bankların əlavə xidmət haqlarını müştəri razılığı olmadan tutması qanunidir? Bunu istehlakçı hüquqlarının pozulması hesab etmək olarmı? Əgər bank xəbərdarlıq etmədən ödəniş tutubsa, vətəndaşı nə edə bilər?
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, müştəri əgər bankın şərtləri ilə razı deyilsə, kredit götürməyə bilər:
“Müştərinin bankdan kredit götürməsi xüsusi həyati zərurət deyil. Yəni, hansı bankın şərtləri müştəriyə uyğundursa, oradan kredit götürə bilər. Əgər şərtləri sərt hesab edirsə, ümumiyyətlə, kredit götürməsin. Bankı bu yolla cəzalandırmaq mümkündür. Bank məhsul təklif edir və məhsuluna qiymət qoyur. Müştəri bu qiyməti qəbul edirsə, alır, qəbul etmirsə, almır.
Əgər bank müştərinin xəbəri olmadan ödəniş tutur, yaxud əvvəlcədən az deyib sonra çox alırsa, bu zaman hüquq pozuntusundan danışmaq olar. Amma əgər əvvəlcədən müştəriyə məlumat verilibsə, şərtlər razılaşdırılıbsa, müqavilə imzalanıbsa, burada hüquq pozuntusu yoxdur. Əgər bank xəbərdarlıq etmədən ödəniş tutursa və bu müqavilədə nəzərdə tutulubsa, vətəndaş əvvəlcədən “akseptsiz qaydada” — yəni öz göstərişi olmadan hesabdan vəsait tutulmasına razılıq veribsə, burada da hüquqi olaraq bankın əməli düzgün sayılır. Yəni vətəndaş kredit müqaviləsi bağlayarkən bu detalları diqqətlə oxumalı, başa düşməlidir. Əgər bu ödənişlər müqavilədə nəzərdə tutulubsa, geri almaq mümkün deyil. Hətta vətəndaşın kartından tutulan vəsait də o deməkdir ki, o, banka öncədən bu ödənişlərə razılıq verib. Edilə biləcək tək şey — kredit öhdəliyini yerinə yetirib, bankla əlaqəni dayandırmaqdır. Başqa hüquqi yol yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB