Mərkəzi Bankın sədri: Kapital bazarlarının inkişafı strateji prioritetə çevrilib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “PAŞA Holdinq”in təşkilatçılığı və “Deloitte Azərbaycan” şirkətinin tərəfdaş dəstəyi ilə “Business Talks by PASHA Holding” təşəbbüsü çərçivəsində keçirilən “Kapital bazarları və IPO” mövzusunda tədbirdə çıxış edib.

SİA-nın məlumatına görə, AMB-dən bildirilib ki, “Kapital bazarları mövzusuna dövlət baxışı” üzrə fikirlərini bölüşən Mərkəzi Bank sədri kapital bazarlarının inkişafının strateji prioritetə çevrildiyini deyib. O, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda nəzərdə tutulan islahatlar nəticəsində artıq bazara yeni alətlərin çıxışının və ilkin kütləvi yerləşdirmə proseslərinin daha əlçatan olmasının, bununla da investorların artan marağının müşahidə edildiyini vurğulayıb.

“Deloitte Azərbaycan” şirkətinin idarəedici partnyoru Nuran Kərimovun moderatorluğu ilə keçən bu sessiyada Taleh Kazımov sektora olan etimadın möhkəmləndirilməsinin önəmindən danışarkən vurğulayıb: “Strateji prioritet olaraq müəyyənləşdirdiyimiz istiqamətlərdən biri də sektora olan etimadın artırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsinə yönəlib. Biz, sektor iştirakçıları və investorlar üçün müntəzəm məlumatlandırma sessiyaları, görüşləri və təlimlər keçiririk”.

“PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov çıxış edərək kapital bazarlarını hər bir ölkədə iqtisadiyyatın dərinliyini və dayanıqlılığını göstərən əsas indikatorlardan biri adlandırıb.

Tədbirin davamında isə əsas mövzu üzrə korporativ sektor nümayəndələrinin fikir və gözləntiləri dinlənilib.

Qeyd edək ki, tədbir “Business Talks by PASHA Holding” adlı təşəbbüs çərçivəsində keçirilib. Bu təşəbbüsün əsas məqsədi dövlət və özəl sektorları arasında peşəkar dialoqu təşviq etməklə iqtisadi inkişafa təkan verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə