“Mənzil qiymətləri real iqtisadi göstəricilərə uyğunlaşdırılmalıdır“ - EKSPERT
“Azərbaycanda vətəndaşların mənzil əldə etmək imkanlarını genişləndirmək məqsədilə güzəştli ipoteka kreditləri və kirayə mənzil mexanizmlərini idarə edən xüsusi İpoteka Fondu yaradılıb” . Bu sözleri SİA-ya açıqlamasında Beynelxalq idareetme sistemleri üzre mütəxəssis Asif İbrahimov bildirib.
Onun sözlərinə görə, bu fond vasitəsilə həm güzəştli kreditlər təqdim olunur, həm də sosial həssas qrupların mənzilə çıxışını asanlaşdırmaq üçün kirayə mənzil proqramı tətbiq edilir.
“Lakin dünya praktikasının müqayisəli təhlili göstərir ki, ölkəmizdə bu sistem hələ də arzuolunan səviyyədə effektiv fəaliyyət göstərmir.
Məsələn, Türkiyə kimi regional ölkələrdə ipoteka kreditləri 0,5–2% intervalında təqdim olunduğu halda, Azərbaycanda ən aşağı faiz 4% təşkil edir. Bu fərqin formalaşmasında bir sıra amillər, xüsusilə də ödəmə qabiliyyəti ilə bağlı risklər və əhalinin gəlirlərinin rəsmi şəkildə təsdiqi məsələləri mühüm rol oynayır. Lakin problemlərin əsas kökündə mənzil bazarındakı yüksək qiymətlər dayanır. Real hesablamalar göstərir ki, bəzi ərazilərdə 1 kvadrat metr mənzilin maya dəyəri 600 manat olduğu halda, satış qiyməti 2500–3000 manatadək yüksəlir. Bu uyğunsuzluq yalnız bazar şərtləri deyil, həm də tikinti xərclərinin süni şəkildə şişirdilməsi ilə bağlıdır.
Bu səbəbdən güzəştli ipoteka mexanizminin effektiv işləməsi üçün kompleks tədbirlər həyata keçirilməsi zəruridir. Ən başlıcası, mənzil qiymətləri real iqtisadi göstəricilərə uyğunlaşdırılmalı, süni bahalaşmanın qarşısı alınmalıdır. Məsələn, Əhmədli metrosu ətrafında 1 kvadrat metr mənzilin qiymətinin 2500 manat olması iqtisadi baxımdan əsaslandırıla bilməz; həmin ərazidə real maya və satış dəyəri 500–600 manat civarında olmalıdır. Yalnız bazar reallıqlarının şəffaflaşdırılması və qiymətlərin normallaşdırılması güzəştli ipoteka paketlərinin geniş kütlələr üçün əlçatan olmasına şərait yarada bilər.
İpoteka Fondunun rəsmi məlumatları da sistemin məhdud əhatəsini təsdiqləyir. Artıq 10 ildən çox müddətdə cəmi 52 min nəfər güzəştli ipoteka kreditindən yararlanıb, əlavə olaraq 3–4 min vətəndaş kirayə mənzil proqramından faydalanıb. Bu isə ümumi əhali sayının 1%-dən də azdır. Beləliklə, mövcud mexanizmin geniş kütlələr üçün yetərincə təsirli olmadığı aydın görünür və sistemin təkmilləşdirilməsinə ciddi ehtiyac mövcuddur”.
Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB